AZ

Sallaqxana zirzəmisində əsir saxlanıldı, bacısının uşaqlarını övladlığa götürdü Kurt Vonnequt niyə intihara cəhd etmişdi?

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

11 noyabr məşhur amerikalı yazıçı, satirik və rəssam Kurt Vonnequtun doğum günüdür.

Kulis.az bu münasibətlə Dəniz Saldıranın tərcüməsində Suzan Raqanın yazısını təqdim edir.

İkinci Dünya müharibəsinin veteranı, amerikalı yazıçı Kurt Vonnequt “Sallaqxana №5 və ya uşaqların xaç yürüşü ”, “Pişik üçün nənni”, “Çempionlar üçün səhər yeməyi” kimi romanları ilə dünya ədəbiyyatında məxsusi yer tutur.

O, həmçinin pyeslərin və hekayələrin müəllifidir. Əsərlərində distopik cəmiyyətlər, müharibənin doğurduğu ümidsizlik və insan təbiətinə qarşı istehzalı münasibət diqqət çəkir.

Yazıçı 1960-cı illərin qarşı-mədəniyyət hərəkatının ruhunu özündə əks etdirən ən orijinal səslərdən biri kimi xatırlanır.

1922-ci ildə İndianada doğulan Kurt Vonnequt gələcək həyat yoldaşı Ceyn ilə hələ uşaq bağçasında tanış olmuşdu. Onlar lisey illərində sevgili oldular, lakin yazıçı Kornell Universitetinə daxil olduqdan sonra münasibətləri sona çatdı.Vonnequt daha sonra təhsilini yarımçıq qoyub İkinci Dünya müharibəsində döyüşməyə getdi və Almaniyada əsir düşdü. ABŞ-a qayıtdıqdan sonra 1945-ci ildə Ceyn ilə evləndi.

Cütlüyün altı övladı vardı — üçü doğma, üçü isə övladlığa götürülmüşdü. Onlar 1971-ci ildə boşandılar.

Vonnequtun ailəsi onun uşaqlıq illərində varlı və xoşbəxt idi. Atası memar, anası isə varlı ailədən idi.

Lakin Böyük Depressiya dövründə ailə bütün sərvətini itirdi, evlərini satmaq və Kurtu özəl məktəbdən dövlət məktəbinə keçirmək məcburiyyətində qaldılar.

Bu çətinliklər Edith Vonnequtun psixoloji durumuna təsir etdi – o, alkoqol və antidepressant asılılığına düçar oldu.Analar Günündə hərbi təlimdən evə qayıdan Kurt anasını evdə ölü tapdı. Edit çoxlu yuxu dərmanı qəbul edərək intihar etmişdi.

Cəmi 21 yaşında olan gənc Kurt bu faciədən sonra Almaniyada döyüşə yollandı.

Sonralar “The Paris Review” jurnalına verdiyi müsahibədə belə demişdi: “Anam çox ağıllı, savadlı və istedadlı idi. Kaş yaşasaydı və mənim yazıçı olduğumu görəydi. Nəvələrini qucaqlaya biləydi.”

Kornelldə dərslərində uğur qazana bilməyən Vonnequt orduda xidmət etməyə qərar verdi. 1944-cü ildə Almaniyada baş verən döyüşlərdən birində əsir düşdü və fabrikdə məcburi işlədildi.

Gecələr isə yerin altında – bir sallaqxananın zirzəmisində saxlanılırdı. 1945-ci ildə azadlığa çıxmağı bacardı.

Bu acı təcrübə onun ən məşhur əsərlərindən biri olan “Sallaqxan №5” romanının (1969) əsasını təşkil etdi. Müharibə və insan ağrısı haqqında bu sarkastik hekayə böyük uğur qazandı.

Yazıçı bu uğuru belə şərh etmişdi: “Orada ölən hər bir insan üçün üç dollar qazandım”.

1947-ci ildə Vonnequt elektrik idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsində işləməyə başladı – bu təcrübə sonradan “Pişik üçün nənni" romanına ilham verdi.

Eyni zamanda "Collier’s" və "The Saturday Evening Post" jurnalları üçün esselər və hekayələr yazırdı. Hətta bir müddət idman jurnalı üçün yazılar yazdı və ingilis dili müəllimi kimi çalışdı.

1950-ci illərin sonlarında bacısı Elis xərçəngdən dünyasını dəyişdi. Qısa müddət sonra onun həyat yoldaşı da qatar qəzasında öldü.

Artıq özünün üç uşağı olan Vonnequt bacısının üç oğlunu da övladlığa götürdü. Beləcə, altı uşaqlı ailə atasına çevrildi və onları dolandırmaq üçün daha çox yazmağa başladı.

"Sallaqxana №5” romanının uğuruna baxmayaraq, Vonnequt 1970-ci illərdə ağır depressiya ilə mübarizə aparırdı. 1971-ci ildə boşandıqdan sonra tənha şəkildə Nyu-Yorkda yaşadı. Yazı prosesi çətinləşmiş, oğlu isə psixozdan əziyyət çəkməyə başlamışdı.

1979-cu ildə ikinci dəfə evləndi və bir qız uşağını övladlığa götürdü. Lakin depressiyası dərinləşdi və 1984-cü ildə yuxu dərmanları və alkoqol qəbul edərək intihar etməyə cəhd göstərdi.

Yazıçı yeniyetməlik illərindən siqaret çəkirdi və demək olar, bütün ömrü boyu bu vərdişindən qurtula bilmədi. İki dəfə tərgitməyə cəhd etsə də, uğur qazanmadı. Çəki artımı və narahatlıq səbəbilə yenidən siqaret çəkməyə başladı.

2007-ci ildə 84 yaşında vəfat edən yazıçının fikirləri hələ də sosial mediada yaşayır. Ona həsr olunmuş @Kurt_Vonnegut adlı Twitter səhifəsinin 215 mindən çox izləyicisi var. Orada onun ruhunu əks etdirən paylaşımlardan bəziləri belədir:

“Oyanın, axmaqlar! Pulun bu qədər dəyərli olduğunu düşünməyinizin səbəbi nədir?” “İnsan olmaq nə qədər utancverici. Dünyanı xilas edə bilərdik, amma bunu edə bilməyəcək qədər acizik”.

Kurt Vonnequt müharibənin, faciənin və insan təbiətinin absurdluğunu gülüş və istehza ilə izah edə bilən görkəmli yazıçılardandır.

"Göz yaşlarını onun gəlişinə saxlamışdı..." - Bayramların ən gözəli: ZƏFƏR

Amma şəkilləri olmur qucaqlamaq... - Günün mahnısı

Sənət dünyasını silkələyən məşhur muzey soyğunları

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
kulis.az

1Mənbələr