AZ

Azərbaycandakı Qüdrət paradı İranda şok yaratdı

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad bəlkə də “İranda matəm yaratdı” desək, daha dəqiq olar. Bu parad, heç şübhəsiz, Azərbaycanın güdrətinin təntənəli nümayişi idi. Burada təkcə silahların sayı deyil, onların çoxkomponentli və müasir olması, hərbçilərin peşəkarlığı və davranışı, eləcə də üç dövlət başçısının - hətta Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin iştirakı İran üçün böyük şok effekti yaratdı.

Azərbaycan ordusunun Ermənistan ordusundan daha güclü olduğu görüntüsü “İranda matəm yaratdı” ifadəsini tam əks etdirir. İranda başa düşdülər ki, 5 min illik sivilizasiyadan danışmaqla, lakin sonda mağaranın dibində yaşayıb raketə söykənən siyasət aparmaq təhlükəsizliyi təmin etmir. İran öz ərazisindən kənara raket ata bilməz - təbii ki, burada İsrail və ya ABŞ nəzərdə tutulmur.

İranda elm, mədəniyyət, xalqın hakimiyyətə dəstəyi və Allaha olan etiqad sanki sıfır səviyyəsindədir. Onlar üçün “Ali varlıq” artıq raket olmuşdu. Lakin o da indi heç bir fayda vermir. Hər hansı bir raket zərbəsi İranın öz daxilinə də bir neçə istiqamətdən cavab zərbəsi gətirəcək. Bu gün dünyanın əsas gücləri İranın “raketə sitayiş” siyasətini BMT kürsüsündə və ya İslam Əməkdaşlıq Təşkilatında çox rahatlıqla müzakirəyə çıxara bilərlər. Çünki İranın nə bu məsələdə, nə də digər istiqamətlərdə aydın, əsaslı siyasəti mövcuddur.

İran yenilənməlidir. Bu yenilənmə yalnız silah potensialı ilə məhdudlaşmamalıdır. Çünki İranda nüvə silahı yoxdur və yaxın gələcəkdə də ola bilməz. Ali rəhbərin yeraltı sığınacaqlar tikilməsi barədə verdiyi göstərişlər də bu reallığı gizlədə bilmir.

Bunlar kiçikmiqyaslı, strateji gücü olmayan tikililərdir. İranın istehsal etdiyi təyyarələrin nə öz, nə də qonşu ölkələrin səmasında bir-iki sutka qalmaq imkanları var. Belə təyyarə yoxdur. Hakimiyyət dəyişsə belə, İran ən azı növbəti on il ərzində bu səviyyəyə çata bilməyəcək.

İranın yeganə “qürur mənbəyi” raketləridir. Ancaq indi Tehran artıq ABŞ-la danışıqlarda “nüvə proqramı”nın tonunu dəyişərək, bu sahəni “nüvə üzrə elmi tədqiqat mərkəzinə” çevirmək istəyir. Bu, sadəcə adi laboratoriya səviyyəsində olacaq, elə İsraildə vaxtilə dağıtdığı tədqiqat laboratoriyalarına bənzər bir quruma çevrilmək cəhdidir.

Qüdrət paradı həm də başqa bir məsələni üzə çıxardı: İranın Fars körfəzi regionundakı ərəb qonşularının Ermənistanla sıx əlaqələri. Bu ölkələrdənSəudiyyə Ərəbistanı, BƏƏ və Qətər Ermənistanı regional təhlükəsizlik subyekti kimi qəbul edirlər. Halbuki bu dövlətlərin hamısında Azərbaycanın hərbi gücü və üstünlüyü barədə əvvəlcədən məlumat var idi, Bakıdakı Qüdrət paradı isə bunu açıq şəkildə nümayiş etdirdi. Parad ərəfəsində Azərbaycanın xüsusi təyinatlı qüvvələri Qətər və BƏƏ ilə birgə hərbi təlimlər keçirmişdi, Səudiyyə hərbçiləri ilə də müzakirələr aparılmışdı. Buna baxmayaraq, həmin ölkələr regional sabitliyi Ermənistanla müzakirə etməyə üstünlük verirdilər.

Onların “regional sabitlik” anlayışı Cənubi Qafqazın özünə deyil, Cənubi Qafqaz ilə Fars körfəzi ölkələri arasında yerləşən coğrafiyaya yəni İrana aiddir. İran isə bunu belə anlayır: guya Allahın, Həzrət Peyğəmbərin (s) və İmamların etdiklərində səhv var, amma Ermənistanın siyasətində səhv ola bilməz. Görünür, İranın bu yanlış etiqadını artıq Səudiyyə Ərəbistanında, Qətərdə və BƏƏ-də çox yaxşı başa düşüblər.

Beş il əvvəl Ermənistan rəsmən üç adanın BƏƏ-yə məxsusluğunu təsdiq edən müqavilə imzalayıb. İran bu məsələyə bir dəfə də olsun etiraz etməyib, çünki Ermənistan Tehrana bu barədə danışmağı qadağan edib. İran yalnız müsəlmanlara qarşı qışqıra bilər. Amma indi artıq qışqırmaq yox, yalnız kəkələmək qalır. Əgər Tehran düzgün siyasət yürütməsə, yaxın zamanda bu “kəkələmə” də bitəcək.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 2 dəfə oxunub.
Seçilən
46
xezernews.az

1Mənbələr