AZ

Trampın mövqeyi Azərbaycanın da maraqlarına uyğundur

"ABŞ Prezidenti Donald Tramp müxtəlif dövlətlərin və liderlərin ünvanına tərif səsləndirməkdə davam edir. 

Bu, Ağ Ev sahibinin xarici və təhlükəsizlik siyasətinin tərkib hissəsinə çevrilib. Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya Prezidenti Əhməd əl-Şaraanı qəbul edərkən, onu ölkəsini çiçəkləndirməyə qadir lider kimi qiymətləndirib. 

Bu, Suriya liderinin 1946-cı ildə müstəqillik qazandıqdan bəri Ağ Evə ilk səfəridir. Bununla Tramp daha bir ilkə imza atıb. Ağ Ev sahibi ABŞ-nin Suriyaya dəstək verəcəyini vəd edib". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Suriyanın Amerikanın dəstəyinə ehtiyacı var: 

"Təsadüfi deyil ki, Əhməd əl-Şaraa “Fox News” televiziya kanalına müsahibəsində ABŞ-ni Suriyanın geosiyasi müttəfiqi adlandırıb. ABŞ-nin Suriyaya yatırımlarını artıracağına ümid etdiyini bildirən Əhməd əl-Şaraa iki ölkə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Əhməd əl-Şaraa buna nail olmaq üçün Vaşinqtonun əsas xahişini yerinə yetirib. 

Suriya ABŞ ilə birlikdə “İslam dövləti” terrorçu qruplaşmasına qarşı mübarizə aparacağını söyləyib. Bu qruplaşma onsuz da son illərdə xeyli zəifləyib və Suriya terrorçularla mübarizədə ABŞ-ilə ittifaq yaratmaqda heç nə itirmir. 

Əhməd əl-Şaraa ABŞ-nin Suriyada hərbi varlığının da əleyhinə deyil. Vaşinqton Suriyanın İsraillə də dil tapmasını istəyir. Ancaq bunun üçün İsrail Suriya sərhədində gərginliyə yol verməməlidir". 

Politoloq deyib ki,Tramp Suriyada sabitliyin yaranmasında Türkiyənin də xüsusi rolunu qeyd edib:

"Tramp  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı böyük lider kimi xarakterizə edib. Ərdoğanı çox güclü ordusu olan lider kimi xarakterizə edən Tramp Türkiyənin Suriyadakı hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərdiyini xatırladıb. Halbuki, Trampdan əvvəlki Prezident Cozef Bayden Türkiyəni Suriyada artan rolundan narahat idi. 

Tramp Baydendən fərqli olaraq anlayır ki, Suriyada Türkiyə ilə ziddiyyət içərisində olmaq ABŞ-nin təhlükəsizlik maraqlarına cavab vermir. Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu artarkən, Tramp administrasiyası Ankara ilə koordinasiyalı fəaliyyətə üstünlük verir. Bu, Azərbaycanın da maraqlarına uyğundur. 

Bu arada, Donald Tramp Çinlə ticarətdə sabitlik yaratmaq istəyərkən, Hindistanla da danışıqları intensivləşdirib. “Hindistan dünyanın ən qədim sivilizasiyalarından biri, əhali sayına görə dünyanın ən böyük ölkəsidir”,- deyən Tramp ABŞ-non bu ölkəyə tətbiq etdiyi tarifləri endirməyə hazır olduğunu bildirib. 

Ağ Ev sahibi Hindistanla ədalətli ticarət razılaşmasına yaxınlaşdığını deyib. Tramp Hindistanla təhlükəsizlik sahəsində də əməkdaşlığı genişləndirəcəyini bildirib. Demək, növbədə Donald Trampın Hindistanın Baş naziri Narendra Modi ilə əldə edəcəyi razılaşmadır".               

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr