AZ

Rusiya Ukrayna dövləti ilə müharibə aparmır: Görün Putin kiminlə savaşır…

Moskva Ukraynadakı münaqişənin mümkün qədər tez başa çatmasını istəyir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Bəs, hazırkı hərbi və diplomatik vəziyyəti nəzərə alsaq, yaxın aylarda danışıqların bərpası realdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Natiq Miri bildirib ki, Rusiyanın “müharibənin bitməsini istəməsi” ifadəsi əslində şərtlərlə bağlıdır:

Natiq

“Problem ondadır ki, Rusiya müharibənin hansı şərtlər altında bitməsini istəyir. Moskva istəyir ki, Ukrayna onun bütün tələblərini qəbul etsin. Bu tələblər sırasında Ukraynanın NATO-ya inteqrasiyadan imtinası, NATO-nun isə Ukraynanı üzv kimi qəbul etməməsi də var. Eyni zamanda Rusiya Donbas vilayətinin tam şəkildə öz nəzarətinə verilməsini tələb edir. Lakin heç bir Ukrayna lideri bu şərtləri qəbul edə bilməz. Çünki bu, indiyədək verilən itkilərin mənasız olduğunu göstərə və böyük siyasi məsuliyyət doğura bilər.”

Politoloqun sözlərinə görə, Moskvanın sülhdən danışması həm də onun iqtisadi çətinlikləri ilə bağlıdır:

“ABŞ və Avropa Birliyi Rusiyanın büdcəsinə ciddi zərbələr vurmağa başlayıb. Çin artıq Rusiyadan aldığı neftin təxminən 45 faizindən imtina edib. Hindistanın da bir çox neft emalı zavodları Rusiya neftindən uzaqlaşır. ABŞ administrasiyasına da yaxın zamanda Rusiyadan neft alışının minimuma endiriləcəyi barədə məlumat verilib. Bu, Moskvanın maliyyə imkanlarını kəskin şəkildə məhdudlaşdırır.”

Natiq Miri qeyd edib ki, hazırda Rusiya ordusu Ukrayna xalqı ilə müharibə aparır:

“Ukraynada uşaq bağçalarını bombardman edən Rusiyanın müharibəni dayandırmaqla bağlı hər hansı real addım atdığı görünmür. Rusiya bu bəyanatlarla sadəcə zaman qazanmağa çalışır. Putin düşünür ki, Pokrov şəhəri işğal olunarsa, bu, danışıqlar masasında onun mövqeyini gücləndirəcək. Amma bu mümkün deyil, çünki Pokrov iki ilə yaxındır müdafiə olunur və onun ələ keçirilməsi Rusiyaya böyük itkilər bahasına başa gələcək.”

Ekspertin fikrincə, noyabr ayından sonra münaqişənin gələcək gedişatı ilə bağlı bir sıra məqamlar aydınlaşacaq:

“Əgər Rusiya neft şirkətlərinə tətbiq edilən sanksiyalar dərinləşərsə və Moskvanın maliyyə resursları azalmağa davam edərsə, bu, savaşın gələcəyinə təsir göstərəcək. Çünki Rusiyanın əsas gəlir mənbəyi enerji daşıyıcılarıdır. Buna görə də yaxın aylarda danışıqların bərpası məsələsində konkret nəticələr ortaya çıxa bilər.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
44
1
konkret.az

2Mənbələr