AZ

Sumqayıta gedənlərə şad xəbər: Sabahdan yeni marşrut istifadəyə verilir – Bu ərazilərdən keçəcək

Sabahdan etibarən Bakı–Sumqayıt və əks istiqamətdə hərəkət edən yeni avtobus marşrutu fəaliyyətə başlayacaq.

Musavat.com xəbər verir ki, sərnişin daşımalarını həyata keçirmək üçün marşrut xəttinə 18 metrlik, ekoloji təmiz və iri tutumlu 20 yeni avtobus buraxılacaq.

Yeni marşrut sərnişin sıxlığını azaltmaq və nəqliyyat rahatlığını artırmaq məqsədi daşıyır. Avtobusların hərəkət intervalı 7–8 dəqiqə olacaq.

AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucəliyevin sözlərinə görə, marşrutun başlanğıc məntəqəsi Sumqayıt şəhərinin Zülfi Hacıyev küçəsində, Heydər Əliyev parkının yanında yerləşəcək.

Avtobuslar Nəriman Nərimanov prospekti, Sülh küçəsi və Ceyranbatan qəsəbəsi istiqamətindən keçərək Bakı şəhərindəki “20 Yanvar” metro stansiyasına qədər hərəkət edəcək. Seyid Cəfər Pişəvəri küçəsində isə son dayanacaq məntəqəsi təyin olunub.

Yeni marşrut üzrə avtobuslar hər gün səhər saat 05:45-dən axşam 23:00-a qədər fəaliyyət göstərəcək. Gediş haqqı 80 qəpik məbləğində müəyyənləşdirilib və ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
28
47
musavat.com

10Mənbələr