AZ

Aleksandr Barmak: Üzeyir Hacıbəylinin ölməz musiqisi bütün türk dünyasını birləşdirir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Moskva, 11 noyabr, AZƏRTAC

Bu yaxınlarda Moskvada, Rusiya Teatr Sənəti İnstitutunda (GİTİS) Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konfrans təşkil olunmuşdu. İnstitutun professoru, Rusiyanın Əməkdar İncəsənət Xadimi Aleksandr Barmakın Azərbaycan musiqili teatrının inkişafında dahi bəstəkarın roluna həsr olunmuş dərin və emosional çıxışı diqqət çəkmişdi. Onun Azərbaycanın mədəni ənənələri, mənəvi bağları və Üzeyir Hacıbəylinin yaradıcılığının əhəmiyyəti barədə söylədiyi fikirlər dinləyicilər arasında böyük maraq doğurmuşdu.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Aleksandr Barmak teatr, pedaqogika və Azərbaycan musiqi mədəniyyəti haqqında düşüncələrini bölüşüb.

-Rusiya Teatr Sənəti İnstitutunda keçirilən konfransda siz Azərbaycan mədəniyyəti və Üzeyir Hacıbəyli yaradıcılığının əhəmiyyətindən böyük səmimiyyətlə danışdınız. Bu mövzu ilə şəxsi bağınız varmı?

-Uşaqlıq çağlarımda Moskvada dostlarımla birlikdə bir neçə dəfə yaxınlıqdakı kinoteatra qaçıb dahi Rəşid Behbudovun Əsgər rolunu oynadığı “Arşın mal alan” filmini izləyirdik. Doğrudur, bilet almağa pulumuz olmurdu, ancaq kinoteatrın arxa qapısının açarını tapmışdıq. Sonra həyətimizdə həmin filmin səhnələrini canlandırırdıq, dahi Azərbaycan bəstəkarının melodiyalarını hərə bacardığı kimi oxuyurdu. Böyük Hacıbəylinin musiqisi uşaqlıq xatirələrimdə qalıb. Həmin hissləri indi, Moskvada keçirilən yubiley konfransında və konsertində musiqilərini dinləyərkən yenidən yaşadım.

Dahi Azərbaycan oğlunun həyatı və yaradıcılığı hər bir məsuliyyətli sənətkar qarşısında yaradıcı insanın öz xalqının həyatında rolu barədə sualı qoyur.. Mən böyük Hacıbəylinin çətin, eyni zamanda, ilhamverici ömrü haqqında düşündükdə belə nəticəyə gəlirəm ki, əsl sənətkar xalqdan kənarda və ya xalqın yanında deyil, xalqla birlikdə, xalq üçün yaşayır və yaradır. O zaman onun yaradıcılığı xalqın duyğularında canlanır, xalqın arzu və ümidlərində yaşayır. Hacıbəylinin yazdığı Azərbaycan dövlət himninin musiqisi nə qədər gözəldir. Mürəkkəb dövrdə yazılmış olsa da, bu əsərdə işıq, səmimiyyət, fədakarlıq və cəsarət var.

Bu gün, illərlə ağır sınaqlardan keçmiş böyük Azərbaycan xalqı nəhayət ki, arzusuna çatıb. Biz 8 noyabr – Zəfər Gününü təntənə ilə qeyd etdik. Azərbaycan xalqının ruhunun dirçəlişində Hacıbəyli yaradıcılığı nəhəng rol oynayıb. Elə illər olub ki, söz demək, yazmaq məhdudiyyəti qoyulmuşdu, lakin musiqi, sənət hər zaman sözünü deyib. Ona görə də Hacıbəylinin musiqisi qəhrəmanlığa qadir xalq kimi ölməzdir. Onun musiqisi yalnız türk dünyasında deyil, həm də dünya musiqisində xüsusi yerə malikdir. Təsadüfi deyil ki, Hacıbəylinin heykəli əsrlər boyu dünya musiqisinin paytaxtı sayılan Vyanada ucaldılıb.

-Siz qeyd etdiniz ki, Azərbaycan musiqi mədəniyyəti dünyanın ən orijinal mədəniyyətlərindən biridir. Sizin fikrinizcə, onu dünya musiqi səhnəsində bu qədər cəlbedidi edən nədir?

- Bu gün, Zəfər günlərində, Azərbaycanın mədəniyyət ürəyi Şuşanın bərpa olunduğu, tarixi simasının qaytarıldığı, bir vaxtlar yaralı, bu gün isə şəfa tapmış ürəyin dirçəlişi günlərində Əsgərin məşhur ariası səslənməlidir. İndi, Qarabağın dirçəldiyi, bu tarixi diyarda yeni yollar, tunellərin salındığı, tikililərin ucaldığı, həyatın bərpa olunduğu bir vaxtda “Arşın mal alan”ı yenidən səhnələşdirmək olardı.

Düşünürəm ki, Üzeyir Hacıbəyli “Koroğlu” operası ilə türk xalqlarına məxsus olan eposu ən yüksək zirvəyə qaldırıb. Bu opera və Hacıbəylinin bütün musiqisi hər zaman yaşayacaq, çünki o, indi yüksəliş dövrünü yaşayan bütün türk dünyasını birləşdirir.

-Siz bir çox nəsil aktyor və rejissor yetişdirmisiniz. Tələbələrinizdən kimlərin uğurları sizi daha çox sevindirir?

-Mənim tələbələrim, demək olar ki, hamısı müxtəlif teatr və konsert təşkilatlarında uğurla çalışır. Bəziləri fəxri adlara layiq görülüb, bəziləri laureat olub və teatr rəhbəri kimi fəaliyyət göstərir. Mən onlara çətin aktyorluq və rejissorluq sənətində əməyin vacib olduğunu, istedadın zəhmətsiz heç nə ifadə etmədiyini aşılaya bildimsə, buna sevinirəm. Biz ulduzlar yetişdirməməliyik, sənətin sirlərini, bilik və bacarıqlarını verməliyik ki, insan seçdiyi peşədə səmərəli işləyə bilsin. Həqiqi dəyər nə qələbədə, nə də məğlubiyyətdədir. Əsas olan vicdanlı əməkdir. Həm uğur, həm də uğursuzluq insanın və sənətkarın inkişafı üçün eyni dərəcədə önəmlidir.

-Əgər sizə teatrın mənasını bir sözlə ifadə etmək təklif olunsaydı, o söz nə olardı?

-Hər bir incəsənət növü, o cümlədən teatr sənətinin başlıca keyfiyyəti insanlıqdır. Bu xüsusiyyət Üzeyir Hacıbəylidə tam şəkildə var idi – o, böyük azərbaycanlı və böyük bəstəkar idi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
azertag.az

2Mənbələr