Bir vaxtlar “terrorçu” kimi tanınan bir fiqur indi ABŞ-ın tərəfdaşı statusunu qazandı!
10 noyabr 2025-ci ildə Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa arasında keçirilən görüş Yaxın Şərq siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu görüş təkcə diplomatik jest deyil, həm də regiondakı köhnə balansların dəyişməsi, Türkiyənin, İsrailin və İranın mövqelərinə təsir edə biləcək strateji dönüş nöqtəsidir.
Tramp administrasiyası Əsədin devrilməsindən sonra Suriyada yaranmış yeni siyasi reallığı qəbul etdi. Əhməd əl-Şaraanın Vaşinqtona səfəri və ardınca Suriyanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulması, uzun illər təcrid vəziyyətində olan Dəməşqin beynəlxalq legitimliyini bərpa etməyə yönəlmiş bir addım idi. Bu baxımdan Türkiyənin dəstək verdiyi ölkə kimi Suriyanın bir dövlət olaraq yeni keyfiyyət qazanması Ankaranın da uğuru sayıla bilər. Lakin bir məsələ dəyişir ki, indiyə qədər ABŞ-ın bütün iradəsini Suriyaya Türkiyə çatdırırdısa, indi Dəməşqlə Vaşinqton arasında birbaşa rabitə yarandı. Ona görə də Türkiyənin Suriyaya yönəlik siyasətində ciddi korrektələr aparılmalı, regionda Ankaranın geopolitik maraqlarının qorunma strategiyası dəyişməlidir.
Vaşinqton görüşündən sonra ABŞ Suriyaya qarşı sanksiyaları nəzərdə tutan “Caesar Act”ın ("Sezar Qanunu") icrasını 180 gün müddətinə dayandırdığını açıqladı.
Bir haşiyə çıxaq ki, bu ad 2014-cü ildə həmin qanuna Suriyadan qaçan “Caesar” kod adlı keçmiş hərbi fotoqrafın açıqladığı işgəncə sübutlarına istinadən qoyulub. Yəni “Caesar” burada şəxsin kod adıdır, “Act” isə “qanun” deməkdir.
Bu qərar Suriyada iqtisadi sabitləşmə və bərpa prosesinə “nəfəs yolu” kimi qiymətləndirilir. Hərçənd bu, sanksiyanın tam ləğvi deyil, lakin ABŞ-ın Suriyaya qarşı tonunun dəyişməsi yeni diplomatik dövrün siqnalıdır.
Əl-Şaraanın keçmişi paradoksaldır. O, bir vaxtlar “Əl-Qaidə”nin İraqdakı qanadında döyüşüb, ABŞ qoşunlarına əsir düşüb, uzun müddət zindanda əsir həyatı yaşayıb. Sonra “Cəbhət ən-Nusra”nı qurub. Daha sonra “Heyət Təhrir əş-Şam” adlı təşkilatı idarə edib. 2024-cü ilin sonlarında Bəşər Əsədi devirərək Suriya keçid hökumətinə başçılıq edib. İndi isə keçmiş radikal lider Vaşinqtonun tərəfdaşı kimi təqdim olunur. Bu, həm regional aktorlar, həm də Qərb üçün ziddiyyətli, lakin praqmatik bir dönüşdür.
Tramp-Şaraa danışıqları nəticəsində bir neçə strateji istiqamət ortaya çıxıb:
- Suriyanın ABŞ koalisiyasına qoşulması ilə İŞİD-ə qarşı əməliyyatlarda yeni koordinasiya formalaşacaq.
- ABŞ, Suriyada yenidən diplomatik varlığını bərpa etməklə regiondakı təsirini İran və Rusiyanın əleyhinə genişləndirəcək.
- Vaşinqton Suriyada “mülayim” islahatlara dəstək və iqtisadi canlanma vədləri verir.
Bu prosesdə ən maraqlı məqam Türkiyənin mövqeyidir. Ankara uzun illər Suriya müxalifətinə dəstək verərək Əsəd rejiminin devrilməsini istəyirdi. İndi isə Vaşinqtonun yeni “Dəməşq siyasəti” Türkiyənin Suriyadakı təsir dairəsini zəiflədə bilər.
Suriyanın ABŞ koalisiyasına qoşulması Türkiyə üçün bir neçə mənfi nəticə doğura bilər:
- Şimal-şərqdəki YPG/PYD mövqelərinin ABŞ tərəfindən yenidən legitimləşdirilməsi riski artır.
- Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu və müxalifət qruplarının gələcəyi sual altına düşür.
- ABŞ-Suriya yaxınlaşması nəticəsində Ankara bölgədəki hərbi-siyasi manevr imkanlarını məhdud hiss edə bilər.
Ancaq bununla yanaşı, Türkiyə üçün müəyyən fürsətlər də mövcuddur. Əgər ABŞ sanksiyaları mərhələli şəkildə qaldırarsa, Suriya bərpasında türk şirkətləri üçün iqtisadi imkanlar açıla bilər. Bundan əlavə, Ankara üçün əsas prioritet, Suriyadakı sabitlik və qaçqınların geri dönüşü - bu yeni mərhələdə daha real görünür.
İsrail bu görüşü ehtiyatlı optimizimlə qarşılayıb. Təl-Əviv üçün əsas məsələ Suriya ərazisində İranın təsirinin zəifləməsidir. Tramp administrasiyasının yeni yanaşması İsrailin təhlükəsizlik maraqları ilə paralel gedir.
İran isə bu görüşü “regionun satqınlığı” adlandırıb. Çünki Tehran üçün Dəməşqin Qərbə yaxınlaşması strateji zərbədir. Rusiya da narahatdır - Moskva Suriyada hərbi varlığını qorusa da, siyasi təsirini itirə bilər.
ABŞ-Suriya yaxınlaşması Yaxın Şərqdə güc balansını yenidən formalaşdırır. Vaşinqton bir tərəfdən İsraillə, digər tərəfdən isə Suriyanın yeni rəhbərliyi ilə münasibətləri normallaşdırmaqla regionda “çoxqütblü sabitlik” modelini bərpa etməyə çalışır.
Türkiyə bu şəraitdə öz siyasətini qurmalı olacaq: həm ABŞ-la koordinasiyada qalmaq, həm də Suriyadakı milli maraqlarını qorumaq balansı daha mürəkkəb mərhələyə daxil olur.
Tramp-Şaraa görüşü sadəcə bir diplomatik hadisə deyil, Yaxın Şərqdə post-Əsəd dövrünün başlanğıcıdır. Bu prosesdə Türkiyə, İran və Rusiya kimi regional güclərin hər biri yeni reallığa uyğun mövqe formalaşdırmaq məcburiyyətində qalacaq. Ən diqqətçəkən məqam isə odur ki, bir vaxtlar “terrorçu” kimi tanınan bir fiqur indi ABŞ-ın tərəfdaşı statusunu qazanır və bu, beynəlxalq siyasətdə “düşməndən müttəfiqə” çevrilmənin ən sarkastik nümunəsidir.
Akif NƏSİRLİ