AZ

Müxbirimiz Kərkükdən yazır: İraq türkmənlərinin dünəni, bu günü və gələcəyi - FOTOLAR

İraq türkmən bölgələrinə səfərin birinci dayanacağı Kərkük oldu. Oktyabrın 27-də Kərkükə getmək üçün Bağdaddan yola çıxdıq. Bağdaddan Kərkükə əsasən taksilər və mikroavtobuslarla getmək mümkündür. Şimal avtovağzalından (yerlilər “Qarac” deyir – K.R.) yola düşdük. Taksi sürücüsü Həsən Salehi Kərkükdən olan türkmən idi.

Həsən İraq Türkmən Cəbhəsi tərəfdarı olduğunu, bu təşkilatın yürüş və aksiyalarına qoşulduğunu deyir. Bir neçə gün əvvəl İTC tərəfdarları ilə yerli kürdlər arasında növbəti “bayraq böhranı” olduğunu da Həsən dedi. Kürdlər hər dəfə olduğu kimi, türkmənlərin İTC bayrağı asmasına mane olub və bu hadisə əvvəlcə gənclər arasında dava-dalaşa, sonra isə deputat və dövlət qurumlarının müdaxilə etdiyi qalmaqala çevrilib. Ancaq fikir verdim, yolboyu türkmən kənd və qəsəbələrində İTC və digər türkmən partiyalarının ağ və mavi rəngli bayraqları asılmışdı.

Kərkük yolu üzərində bir çox türkmən kənd və qəsəbələri mövcuddur. Bunların ən böyük və məşhurları Tuzhurmatı, Bəşir, Əmirlidir. Həmçinin Kərkük yolu üzərində “Tazə” adlı yeni qəsəbə inşa olunub. Bunların bəziləri qəzadır, ətrafdakı kəndlərin bir çoxu onlara tabedir.

Kərkükə çatanda artıq günorta idi. Digər İraq şəhərləri kimi, Kərkük də seçki atmosferinə köklənib, hər tərəfdə namizədlərin və seçki bloklarının plakatları asılıb. Şəhərin girişi və yollarda təmir işləri (güman ki, bu da seçkilərlə bağlı idi – K.R.) aparılır, yeni körpü və keçidlər inşa olunur.

Şəhərdə isə hələ də müharibənin izləri qalsa da, Kərkük artıq çoxdan keçmiş vəziyyətinə geri dönüb. Şəhərdə həyat qaynayır, yollarda avtomobil sıxlığı var. Kərkükün ən məşhur yeri qala ətrafı və qədim bazardır. Şəhərin ən qaynar hissəsi buradır, qala divarlarının altında yerləşən bazar bir neçə hissədən ibarətdir: geyim və əşya bazarı, meyvə-tərəvəz və nəhayət, toyuq əti və quşlar satılan bazar.

Türkmən şəhəri kimi tanınan Kərkük indi həm də İraqın multikultural mərkəzidir. Burada hər yerdə qarşına ərəb, kürd və türkmən çıxa bilir. Kürdlər daha çox ənənəvi geyimləri ilə tanınır, ərəbləri və türkmənləri isə görünüş və ləhcədən seçmək olur. Maraqlıdır ki, Kərkükdə Türkiyə vətəndaşı olan və ya olmuş kürdlər də var.

İraqın türkmənlər yaşayan şəhərlərində əcnəbi olduğumu demək olar ki, heç kim anlamadı. Hər şəhərdə gəlmə olduğumu tez anlasalar da, daha çox başqa regiondan gəlmə iraqlı türkmən olaraq bildilər. Bu da ləhcə yaxınlığı ilə bağlıdır. İraq türkmən ləhcəsi Azərbaycan türkcəsinə çox yaxındır, bu səbəbdən də bir çox hallarda gəlmə olduğumu bilmirdilər.

Ancaq Azərbaycandan olduğumu biləndə vəziyyət dəyişir və çoxlu suallar verirdilər. Əsasən də Azərbaycana getməklə bağlı. Quru sərhədlərin bağlı olması çoxunu məyus edir. Ən maraqlısı isə Azərbaycana müalicə üçün gəlmək istəyənlərin olması idi. Bu açığı məni də heyrətləndirdi.

Kərkükdə axşam İraq Türkmən Cəbhəsi Tələbə və Gənclər Təşkilatının (Öğrenci ve Gençler Birliği) quruluşunun 33-cü ildönümü münasibətilə təntənəli mərasim keçirildi. Tədbirdə İTC və Kərkük türkmən liderləri, TGT-nin fəalları və müxtəlif bölgələrdən ümumilikdə 2 min nəfərə yaxın insan iştirak edirdi.

Qeyd edək ki, Kərkükdə 1 milyona yaxın seçici var, bunun haradasa 200 minə yaxını türkmənlər təşkil edir. Qalanları ərəb və kürdlərdir. Həmçinin siyahıda olmayan və ya adını seçici siyahısına saldırmayan adamlar da var. Təəssüf ki, indi Kərkükdə türkmənlərin sayı ərəblər və kürdlərdən daha azdır.

Kərkük vilayətində 12 deputat yeri var, bu səbəbdən də seçici siyahılarında maksimum 24 nəfər göstərmək (hər dairədən 2 nəfər) mümkündür. İTC-nin Kərkük siyahısında 24 namizəd var. Siyahıya İTC sədri Mehmet Saman Ağa başçılıq edir. İkinci yerdə deputat və İTC-nin keçmiş sədri Ərşad Salehidir. Ümumilikdə 24 nəfərlik siyahıda 6 qadın namizəd var. “Birleşik Irak Türkmenleri Cephesi” siyahısı 217 saylı siyahıdır və İTC-yə məxsusdur.

Kərkükdə gənclərin tədbiri əsasən seçki kampaniyasına həsr olunmuşdu. Əsas şüar və çağırışlar seçkilərdə fəal iştirak və daha çox deputat yeri əldə etməklə bağlı idi. Tədbirdə həmçinin Türkiyədən qonaqlar – Yıldırım Bəyazid Universitetinin prorektoru Abdullah Yıldız, Türk Eğitim-Sen başqanı Talip Geylan da iştirak edirdi. Həmçinin tədbirin açılışında MHP Ülkü Ocakları başqanının məktubu oxundu. Ümumiyyətlə, TÖGB MHP və “Ülkü Ocakları” təşkilatına ideoloji və fikir olaraq bağlıdır, “bozqurd” işarəsi, təşkilatın sədri Murad İmadəddin türkmən ülkücü ənənəsini xatırladır.

Ümumilikdə İTC gəncləri çox fəal və çalışqandırlar. Bütün türkmən bölgələrində demək olar ki, TÖGB yerli təşkilatları və fəalları var. Vaxtaşırı olaraq vilayətlərdə seçki yürüşləri keçirir, milli ruhu aşılayan tədbirlər təşkil edirlər.

Növbəti gün İTC-nin əsas media orqanı olan “Türkmeneli” qəzetinin və eyni adlı jurnalın redaktoru Necat Kevseroğlu ilə İTC-nin baş qərargahının yerləşdiyi məhəllədə görüşdük. Qısa söhbət etdik, seçkilərlə bağlı vəziyyəti soruşdum. Qeyd edək ki, İTC Kərkükdə ən böyük siyasi təşkilatdır, çoxlu sayda qolları və mərkəzləri mövcuddur. İTC-nin Kərkükün mərkəzində yerləşən qərargahı bir məhəlləni əhatə edir. N. Kevseroğlunun rəhbərlik etdiyi redaksiya da İTC qərargahının yerləşdiyi xüsusi qorunan məhəllədə idi.

Nicat Kevseroğlu bildirdi ki, İTC seçkilərə ciddi şəkildə hazırlaşır. Ancaq Kevseroğlu da digər türkmən siyasətçi və ziyalılar kimi seçkilərin saxtalaşdırma ehtimalından narahatdır.

Kevseroğlu bu dəfə 4 deputat yeri qazanmağı hədəflədiklərini, ancaq saxtalaşdırma riskinin yüksək olması səbəbilə buna nail olmağın xeyli çətin olduğunu da əlavə edir.

N. Kevseroğlu bildirdi ki, Kərkükdən başqa Diyalə, Tuzhurmatı, Mosul, Ərbil, Telaferdən İTC-nin türkmən namizədləri vardır.

İraq Türkmən Cəbhəsinin rəsmi media orqanı olan “Türkmeneli” qəzeti həftədə bir dəfə 5 min tirajla nəşr olunur. 12 səhifədən ibarət qəzetin 6 səhifəsi Türkiyə türkcəsində, 6 səhifəsi isə ərəbcə nəşr olunur. Qəzetdə vacib türkmən xəbərləri, qadın, idman və mədəniyyət səhifələri, həmçinin İTC-nin fəaliyyətini əks etdirən yazılar olur.

Həmçinin Kevseroğlunun baş redaktoru olduğu aylıq “Türkmeneli” ədəbiyyat və sənət jurnalı dərc olunur. Ayda bir dəfə nəşr olunan jurnalın 80 səhifəsinin yarısı türkcə, yarısı isə ərəbcədir. Hər iki nəşrə 20 ildir Kevseroğlu rəhbərlik edir.

Jurnalda Azərbaycan, Türkiyə və Orta Asiyadan yazarların da əsərləri yayımlanır. Bu yazılar türkcə olan hissədə verilir, ərəbcə olan hissədə isə türkmənlərlə bağlı yazılar ərəbcə, ərəblər üçün tərcümə olunub nəşr olunur. Kevseroğlu deyir ki, jurnalın yarı hissəsi ilə yanaşı ərəb dilində Türkmən tarixi ilə bağlı əsərlər yazılıb ərəbcə nəşr olunur ki, İraqdakı türkmən tarixini ərəblər də bilsin:

“Bağdad xəlifəsinin Buveyhilərə qarşı Toğrul bəyi köməyə çağırması ilə İraqda türkmən tarixi başlayır və təxminən 1000 ilə yaxın İraqı türkmənlər idarə edib. Bu səbəbdən də İraqda zəngin bir türk mədəniyyəti və ədəbiyyatı vardır. İraq mədəniyyətində və məişətində türklərin böyük bir təsiri vardır. Məsələn, Həzrət Əli (ə) və Həzrət Hüseyn (ə) haqqında poeziya nümunələrini, mərsiyələrini İraqda türkmənlər hazırlamışdır. Biz də bu tarixi faktları qələmə alaraq ərəblərə təqdim etməyə çalışırıq.

Ərəb əhalisi arasında bizim yazılara rəğbət böyükdür. Bizim həftəlik nəşrlərimizin heç bir ədədi belə əldə qalmır, hamısı satılır”.

Kevseroğlu deyir ki, 2003-cü ildən sonra türkmənlər İraqın etnik azlığı olaraq Konstitusiyada tanındıqdan sonra orta məktəblərdə türkmən dili tədris olunur:

“Hazırda Bağdad, Mosul, Ərbil, Kərkük və digər türkmənlərin yaşadığı bütün yerlərdə türkmən məktəbləri vardır. Harada türkmən əhali varsa, orada türkmən məktəbi təsis edirlər, ancaq bu məktəblərin bir çox xərclərini bizlər, yəni Türkmeneli Vəqfi və İTC çəkir”.

“İraqda türkmən məktəbləri ilə yanaşı, ərəb dilli orta məktəblərdə həftədə bir dərs türkmən dili tədris olunur. Füzuli adına orta məktəbi isə Azərbaycan dövləti təmir etdirdi. Azərbaycanın İraqdakı səfiri bura gələndə mən apardım ona bu məktəbi göstərdim, bundan sonra səfir hökumətinizə məktub yazdı və daha sonra o məktəbi gözəl şəkildə təmir etdirdilər. Şagirdlərə hədiyyələr verdilər. İndi o məktəblə Azərbaycan arasında yaxşı əlaqələr var, Azərbaycan bayraqları asılıb. Kərkük qalasında Füzuli adına məscidin təmir edilməsini arzu edirik. Yaxud da Bağdad və ya Kərbəlada Füzulinin heykəlini qoysalar çox yaxşı olar”, – deyə Kövsəroğlu bildirdi.

Xüsusi olaraq Musavat.com üçün
(Ardı var)

Seçilən
134
musavat.com

1Mənbələr