Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Batuminin cənubundan 14 km aralıda yerləşən Qonio kurort qəsəbəsində “ərəb şəhər”inin tikilməsi planını kəskin tənqid edib.
NOCOMMENT.az gürcü mediasına istinadən xəbər verir ki, Mixail Saakaşvili bu barədə “Eagle Hills” ərəb şirkətinin Batumi yaxınlığında və Tiflisdə şəhərciklər tikmək planlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Qonioda “ərəb şəhəri”nin tikintisi Batumini batumililər üçün etmək fikrini tamamilə məhv edir.
“Fakt budur ki, ilk növbədə ruslara yönəlmiş kütləvi evlərin tikintisi Batumini də Bolqarıstandakı Burqasın başına gələn eyni aqibətə məhkum edəcək: orada əhalinin üçdə biri ruslardır, şəhərin sakinlərinin yarısı isə ölkəni tərk etməyə məcbur olub. Mən əvvəldən yeni Batumini çoxfunksiyalı, çoxlu sayda yaxşı maaşlı iş yeri olan canlı bir şəhər olaraq görürdüm. Əlbəttə, öncə turizm vardı – Batumiyə turist axınını yüzlərlə dəfə artırmağa nail oldum. Amma turizm mövsümi xarakter daşıyır və payızda azalır. Buna görə də biz oktyabrdan dekabradək yüz minlərlə ödəniş qabiliyyətinə malik turistlər, əsasən də amerikalıları gətirə biləcək, dünyanın ən zəngin şirkətlərindən biri olan “Royal Caribbean” ilə müqavilə imzaladıq. İvanishvili 2012-ci ildə bu müqaviləni ləğv etdi”, – deyə Saakaşvili nəzərə çatdırıb.
Keçmiş prezident qeyd edib ki, məhz Batumini Amerika texnoloji universiteti üçün meydança seçib. Bu universitetdə ən azı 10.000 adam oxumalı və dərs verməli idi, bu isə şəhər həyatını yay aylarından sonra da canlandıracaqdı:
“Mənim digər iri layihəm Batumidən hava limanını Qurianın Meria kəndinə köçürmək və Qonioda bütün dünyadan kapital cəlb edəcək beynəlxalq biznes mərkəzi yaratmaq idi. Batumi bir zamanlar Beyrut, indi isə Dubay və ya Sinqapur kimi məkana çevrilə bilərdi. Minlərlə yerli sakin iş ala bilərdi. Amma indi İvanişvili bu böyük ideyanı da tamamilə məhv edir”.
Gürcüstanın keçmiş dövlət başçısı oliqarx Bdzina İvanişvilini Acarıstana düşməni münasibət bəsləməkdə ittiham edib:
“Bölgəyə investisiya üçün nə qədər xahiş etsəm də, heç nə alınmadı. Mən şəxsən iki dəfə ona Batumini göstərmişdim. Hətta, sözün əsl mənasında, layihəyə soxuşdurduğum delfinariumu da o, korladı – ilkin gözəl kompleksin əvəzinə simasız, “dükan kimi” tikili meydana çıxdı. İndi onun dəstəsi Batumini amansızcasına məhv edir və batumililəri növbəti dəfə perspektivdən məhrum edir. Bu münasibətin bəlkə də bir əsas səbəbi var: İvanişvili qəsdən mənim irsimi məhv etməyə çalışır, axı Batumi mənim prezident kürsüsündə ən uğurlu layihəm olub və ona bunu boğmaq lazımdır”.
Saakaşvili gürcü ictimaiyyətini tələsməyə, şəhər və bütün ölkə naminə Batumini “barbarların pəncəsindən” almağa çağırıb.
Xatirə SADİQ