AZ

“Özüm üçün heç nə, cəmiyyət üçün hər şey!” - Rəşad Məcid yazır

1907-ci il noyabrın 30-da Həsən bəy Zərdabinin dəfn mərasimində çıxış edən Bakı şəhər bələdiyyəsinin rəisi M.Rayevski Həsən bəyin həyat prinsipini qısaca belə izah edirdi.

M.Rayevskinin bu fikrini hörmətli professor Vilayət Quliyevin “TEAS Press" Nəşriyyat Evində bu yaxınlarda işıq üzü görən “Yorulmaz Əkinçi - Həsən bəy Zərdabi” kitabından götürmüşəm.

Kitabın nəşrə hazırlandığından məlumatlı olsam da, çapdan çıxdığından xəbərsiz idim. Bu günlərdə “Libraff” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında Nik Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimatı zamanı yeni nəşrləri və həm də elə bu kitabı görmək ümidilə rəflərə yaxınlaşdım. Gördüm və məmnuniyyətlə kitabın 2 nüsxəsini aldım. “Libraff”ın təvazökar rəhbəri Nicat müəllimə kitabın çapına görə təşəkkür elədim, nəşrin mətbuatımızın 150 illiyinə sanballı töhfə olduğunu, Vilayət müəllim Bakıya gələndə mütləq kitabın təqdimatının keçirilməsinin vacibliyini bildirdim.

Vilayət müəllim uzun illərdir “525-ci qəzet”in ən ardıcıl və ən çox arzulanan müəlliflərindəndir. Onun tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları yorulmadan, davamlı şəkildə araşdırması, içdən, şövqlə, həvəslə yazıb-yaratması xüsusi rəğbət və ehtirama layiqdir. Təsadüfi deyil ki, hörmətli professorun tədqiqatlarını istər elmi, istərsə də ictimai mühitimiz, oxucu auditoriyası böyük maraqla və məmnunluqla izləyirlər.

Kitabdakı məqalələrin bəzilərini “525-ci qəzet”də ayrı-ayrı vaxtlarda çap eləmişik və mən həmişəki kimi o yazılardakı ilk dəfə ortaya çıxarılan faktları təşnəliklə oxumuşam. Ümumilikdə kitabda Həsən bəy Zərdabiylə bağlı çox qiymətli araşdırmalar yer alıb. “Xatirələr”, “Nekroloqlar və vida sözləri”, “Məktublar” bölümlərindəki materiallar mətbuatımızın banisinin həyat yolunu öyrənmək baxımından olduqca qiymətli məxəzlərdir.

Milli humanitar elmimizin 19-cu yüzilliyi bəzən “Mirzə Fətəli əsri” adlandırmasına toxunan Vilayət Quliyev Həsən bəy Zərdabinin gördüyü çoxşaxəli fəaliyyəti, cəmiyyətimizə müxtəlif sahələrdə bəxş etdiyi “ilk”ləri sadalayaraq 19-cu yüzilliyin daha ədalətli şəkildə “Axundzadə-Zərdabi əsri” adlandırıla biləcəyini qeyd edir.

“Yalnız "Əkinçi" qəzetinə görə Zərdabinin adı Azərbaycan mədəniyyəti və ictimai fikri tarixinə qızıl hərflərlə yazılmağa layiqdir.

Yalnız Bakıda tələbələrinin yardımı ilə hazırlayıb nümayiş etdirdiyi ilk teatr tamaşasına görə korifeylər sırasına daxil olmaq haqqı qazanıb.

Yalnız Vətəninin, ikiqat, üçqat zülm altına düşmüş həmvətənlərinin müdafiəsinə qalxdığı, ən azı milli-mədəni "zindəganlıq davasının" carçısı kimi çıxış etdiyi üçün Zərdabinin tarixi hünəri xalqın yaddaşında əbədi yaşamalıdır”.

Vilayət müəllimin Həsən bəy Zərdabiyə böyük məhəbbət və ehtiram dolu araşdırmalarında çoxsaylı faktlar var ki, unutmamalı və yaddaşımızın ən diri yerində saxlamalıyıq:

“Amma Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, general Abdulla ağa Bakıxanov "Əkinçi"nin nəşrə başlaması üçün Həsən bəyə 1000 manat verəndə məlum oldu ki, "tatarlar" anadilli mətbuata o qədər də biganə deyilmişlər...”

“Həsən bəylə Qafqaz Senzura Komitəsi arasındakı səmərəsiz yazışmalar iki ildən çox davam etdi. Yalnız azərbaycanlı ziyalıya rəğbətlə yanaşan Bakı qubernatoru D.S.Staroselskinin (1832-1884) işə qarışması "Əkinçi”nin başı üzərindəki qara buludları dağıda bildi. Qubernatorun təkidli tələbi nəticəsində qəzetin senzurası istisna hal kimi quberniya idarəsinin dilmancı Nuh bəy Hüseynbəyova həvalə edildi. Staroselski meydana çıxacaq hər hansı məsələ ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirdi”.

Kitabdakı araşdırmaların hər biri olduqca əhatəlidir və böyük sevgi ilə qələmə alınıb.

Kitabda yer alan “Həsən bəy Zərdabi: ölümdən sonra ölümsüzlük” yazısı kövrək məqamlarla yoğrulub. Həsən bəyin vəfatı və dəfn mərasimi barədə zəngin məlumat və faktların yer aldığı bu araşdırmanı oxuyarkən sanki baş verənlər incəliklərinə qədər, anbaan göz önündə canlanır:

“Zərdabilərin mənzilindən başlayaraq Qasım bəy məscidinə qədər, habelə Bazar küçəsi ilə “Kaspi” redaksiyasına (indiki Sabir bağı) qədər Bakıdakı bütün rus-müsəlman məktəblərinin (o dövrdə şəhərdə əsasını Həsən bəyin qoyduğu 11 belə məktəb vardı) şagirdləri yolun hər iki tərəfində sıra ilə düzülmüşdülər”.

“İlk izdihamlı mitinq məscidin həyətində keçirildi”.

“İkinci matəm mitinqi “Kaspi” redaksiya binasının önündə keçirilmişdi”.

“Nikolay küçəsi ilə üzüyuxarı hərəkət edən izdiham Bakı Dumasının qarşısında bir daha ayaq saxlamışdı”.

“Mərhumu torpağa tapşırmaq üçün Bakının Şıx qəbiristanlığına yollanan mərasim iştirakçıları indiki Azneft meydanında bir neçə dəqiqəliyə ayaq saxlamışdılar. Əhməd bəy Ağayev camaata Zərdabi ailəsi adından təşəkkürünü bildirmiş, havanın soyuq, yolun uzaq olduğunu nəzərə alaraq, Bibiheybət məzarlığına getməyə imkanı olmayanların mərhumla burada vidalaşa biləcəklərini xatırlatmışdı. Lakin mərasimə qatılanların əksəriyyəti Həsən bəyi son mənzilə yola salmaq üçün təxminən 5 kilometrə yaxın məsafəni piyada qət etmək əziyyətindən çəkinməmişdi!”

Dəfn mərasimindəki matəm mitinqlərində çıxış edənlər, çıxışların təfərrüatı dəqiqliklə və ətraflı qələmə alınıb.

Bu yerdə Vilayət müəllimin qədirbilənliyini məxsusi qeyd etməyi vacib sayıram. O, Həsən bəyin dəfn mərasimi barədə mətbuatımızda getmiş ilk müfəssəl araşdırmanın müəllifini də unutmur: “Professor Şirməmməd Hüseynovun 2007-ci ildə Zərdabinin vəfatının 100 illiyi münasibətilə “525-ci qəzet”in 24 noyabr-15 dekabr tarixli saylarında çap etdirdiyi “Tarixi bir dəfn mərasimi” adlı silsilə yazılar böyük şəxsiyyətin ölümünün və yasının o dövrün anadilli mətbuatımızdakı əks-sədası barədə dolğun təəssürat yaradır. “İrşad” və “Tazə həyat” qəzetlərindən, “Molla Nəsrəddin” məcmuəsindən yeni, qiymətli materialları ilk dəfə elmi dövriyyəyə daxil etməklə ömrünün ixtiyar çağında da yorulmadan, gənclik eşqi ilə çalışdığını göstərən Şirməmməd müəllim, həqiqətən, nəcib, gərəkli iş görmüşdü”.

Müəllif Həsən bəyin ailə üzvlərinin kədərli taleyi barədə də müfəssəl məlumatlar təqdim edir. Onun Həsən bəy Zərdabinin həyat yoldaşı, silahdaşı Hənifə xanım Abayeva- Məlikova haqqında “Yüzlərin, minlərin anası...” yazısı da maraqlı faktlar və kövrək məqamlarla doludur.

Əlbəttə, mən kitabı ətraflı təhlil etmək fikrindən uzağam. İstəyim sadəcə mətbuatımızın 150 illiyində özündə Zərdabi irsini əhatəli əks etdirən kitab barədə oxucuları məlumatlandırmaq idi. Yəqin “Libraff”a yolu düşənlər kitabı mütləq əldə edəcəklər. Gözlənilən təqdimat mərasimi də əminəm ki, qələbəliyə çevriləcək - böyük şəxsiyyət Həsən bəy Zərdabiyə sonsuz ehtiramın və professor Vilayət Quliyevin təvazökar fəaliyyətinə kübar minnətdarlığın ifadəsi kimi...

Seçilən
23
1
adalet.az

2Mənbələr