AZ

Alimlər cəmi 1 həftəyə beyin fəaliyyətini yaxşılaşdırmağın sadə yolunu tapıblar

San Dieqodakı Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, cəmi yeddi günlük intensiv meditasiya proqramı beyin və qan kimyasında ciddi müsbət dəyişikliklər yaradır.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri "Communications Biology" jurnalında dərc olunub.

Təcrübədə 20 nəfər könüllü iştirak edib. Onlar yeddi gün ərzində təkcə meditasiya deyil, həm də zehni və bədənə yönəlik kompleks metodları əhatə edən proqramda iştirak ediblər. Buraya idrakın yenidən qurulması və “açıq plasebo” adlanan üsul daxildir. Bu yanaşma insanın inancları və diqqəti vasitəsilə müsbət təsir yaradır.

Təcrübə bitdikdən sonra aparılan funksional MRT müayinəsi beyində diqqətəlayiq dəyişiklikləri göstərib. Özünü əks etdirmə və emosional nəzarətə cavabdeh neyron şəbəkələrinin fəaliyyəti azalıb, beynin ümumi işləmə sistemi isə daha çevik və balanslı olub. Alimlərin fikrincə, bu dəyişikliklər psixi təsirli maddələrin təsirinə bənzəsə də, tamamilə təbii yolla əldə edilib.

Biokimyəvi analizlər də maraqlı nəticələr göstərib. İştirakçıların qanında neyron böyüməsini və beyin plastiklik qabiliyyətini artıran zülalların səviyyəsi yüksəlib. Beyin hüceyrələri daha tez yeni əlaqələr qurmağa başlayıb. Bədən enerjidən daha səmərəli istifadə edib, iltihab göstəriciləri isə azalıb.

Tədqiqatın rəhbəri Hemal Patel bildirib:

“Yalnız bir həftəlik zehinlilik təcrübəsi bədənin maddələr mübadiləsindən tutmuş neyron şəbəkələrinin fəaliyyətinə qədər dərin dəyişikliklər yaradır. Bu, zehnin fiziologiyaya təsir gücünü sübut edir”.

Alimlər qeyd ediblər ki, belə meditasiya proqramları beyin sağlamlığını qorumaqda və ümumi psixoloji rifahı artırmaqda effektiv vasitə ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
35
e-saglam.az

1Mənbələr