The Washington Post: Partiya artıq əvvəlki yumşaqlıqdan imtina edərək siyasi mübarizədə sərt strategiyaya keçir...
Poliqon xəbər verir ki, ABŞ Demokrat Partiyasında Prezident Donald Trampa qarşı mübarizədə yeni, “amansız dərəcədə praqmatik” yanaşmanın formalaşdığı müşahidə olunur. “The Washington Post” yazır ki, partiya rəhbərliyində əvvəlki illərin ehtiyatlı, kompromisə meylli taktikasından imtina edərək daha sərt və realist strategiyaya üstünlük verilir.
Bu dönüş nöqtəsi hökumətin 40 günlük fəaliyyət dayanmasından (şatdaun) sonra baş verən səsvermədə özünü göstərib. Səkkiz demokrat senatorun respublikaçılarla birlikdə səs verərək hökumətin fəaliyyətinin bərpasını dəstəkləməsi partiya daxilində kəskin narazılıq doğurub. Nümayəndələr Palatasındakı demokratların lideri Hakeem Jeffries və digər nüfuzlu siyasətçilər bu addımı açıq şəkildə pisləyiblər və bildiriblər ki, partiya bundan sonra öz sosial təşəbbüsləri daxil edilmədən heç bir qanun layihəsini dəstəkləməyəcək.
Senator Kris Van Hollen vurğulayıb ki, hazırda Konqresdə Trampın “demokratiya və Konstitusiya üçün yaratdığı təhlükənin miqyasını” dərk edən üzvlərin sayı xeyli artıb. Onun sözlərinə görə, demokratlar artıq bu təhdidlə mübarizə aparmaq üçün taktikasını dəyişməli olduqlarını anlayırlar.
“The Washington Post” qeyd edir ki, Demokrat Partiyası eyni zamanda illərlə davam edən “siyasi saflıq” strategiyasından da uzaqlaşır. Partiya artıq keçmişi problemli, lakin seçki baxımından güclü namizədləri dəstəkləməyə hazırdır. Bundan əlavə, demokratlar seçki dairələrinin yenidən bölgüsü (redistricting) məsələsində daha fəal və praqmatik davranmağa başlayıblar. Bu yanaşma Kaliforniya qubernatoru Qevin Nyusomun təcrübəsindən ilhamlanır – o, ştatın seçki xəritəsini dəyişdirərək respublikaçıların mövqelərini zəiflətməyə nail olub.
Yeni strategiyanın mahiyyəti ondan ibarətdir ki, demokratlar Trampın siyasi oyun qaydalarını onun öz metodları ilə cavablandırmaq niyyətindədirlər. Əgər əvvəllər partiya etik prinsipləri qorumağa üstünlük verirdisə, indi qarşıdakı prezident seçkilərinə qədər əsas məqsəd real siyasi üstünlük əldə etməkdir.
“The Washington Post” yazır: Demokratlar “Tramp dövrünün qaydaları ilə oynamağa qərar veriblər” – yəni bir vaxtlar qəbuledilməz hesab etdikləri üsullardan indi özləri istifadə etməyə hazırdırlar.
Poliqon.info