Ekrem İmamoğluna qarşı korrupsiya işi üzrə ittiham aktı məhkəməyə təqdim olunub...
Türkiyədə prokurorluq sabiq İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlu barəsində rekord həcmdə, 2 352 il azadlıqdan məhrumetmə cəzası tələb edib.
Poliqon xəbər verir ki, bu barədə ölkənin aparıcı mətbuat orqanları məlumat yayıb.
İstintaq materiallarına əsasən, İmamoğlunun rəhbərlik etdiyi dövrdə bir sıra tender və layihələrdə maliyyə pozuntuları, dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları qeydə alınıb. Bu çərçivədə prokurorluq çoxsaylı cinayət epizodlarını birləşdirərək yekun ittiham aktı hazırlayıb.
Rəsmi məlumata görə, iş üzrə ümumilikdə 402 nəfər şübhəli şəxs kimi tanınıb, onların 102-si artıq həbsdədir. İttiham aktı tamamlanaraq məhkəməyə təqdim olunub. Genişmiqyaslı istintaq çərçivəsində həm bələdiyyə məmurları, həm də özəl şirkət nümayəndələrinin adları hallanır.
İmamoğlu, Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) tanınmış simalarından biridir və 2023-cü il seçkiləri ərəfəsində prezident Rəcəb Tayyib Ərdoğanın əsas potensial rəqiblərindən sayılırdı. O, bu ittihamların siyasi motivli olduğunu, korrupsiya iddialarının isə əsassız olduğunu bildirir.
Ekspertlər bu işi Türkiyə siyasətində gərginliyin yeni mərhələsi kimi qiymətləndirirlər. Onların fikrincə, belə sərt cəza tələbi qarşıdan gələn bələdiyyə seçkiləri fonunda iqtidar və müxalifət arasında toqquşmanı daha da dərinləşdirə bilər.
Hazırda məhkəmə işinin nə vaxt başlanacağı və ilk iclasın tarixinin nə olacağı açıqlanmayıb.
Poliqon.info