BAKI, 12 noyabr. TELEQRAF
Şirvanda YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayan sərxoş sürücü inzibati qaydada həbs edilib.
Teleqraf xəbər verir ki, sürücü polisə müqavimət göstərib.
Yol polisi əməkdaşları 23 yaşlı Əhməd Nuriyevin idarə etdiyi “Mercedes” markalı avtomobilin xarici işıqlarında nasazlıq aşkar etdikləri üçün saxla işarəsi veriblər.
Sürücü avtomobili saxlayan zaman sərnişinlə yerini dəyişib. Bu hal polis əməkdaşları tərəfindən müşahidə edildikdə, Əhməd Nuriyev onlarla mübahisə etməyə başlayıb.
Sənədlərin yoxlanılması və alkotest nəticəsində avtomobili idarə edən şəxsin sərxoş vəziyyətdə olması müəyyən edilib. Qayda pozuntusu izah edilərkən sürücü yüksək səslə mübahisə yaradıb, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib və dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb.
Saxlanılan Əhməd Nuriyev məhkəmə qarşısına çıxarılıb. Məhkəmə iclasında o, özünü qismən təqsirli bilib, avtomobili idarə etmədiyini desə də, sərxoş olduğu üçün polisə qarşı kobud davranışını və nalayiq ifadələr işlətdiyini etiraf edib. Hərəkətlərindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Əhməd Nuriyev 10 gün müddətinə inzibati həbs cəzası alıb.