AZ

Riçard Almeyda: “O vaxt bəzi səhvlər etdik”

Sportinfo.az “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeydanın futbolinfo.az-a müsahibəsini təqdim edir:

– “Qarabağ” hər oyuna xal qazanmaq məqsədi ilə çıxır. Artıq görmüşük ki, onlar istənilən komandaya qarşı oynaya və qələbə qazana bilirlər. Mən Qurban Qurbanova çox inanıram — onun öz strategiyası və fəlsəfəsi var. Hər zaman olduğu kimi, bu dəfə də “Qarabağ”ın uğurlu nəticə əldə etməsi üçün dua edəcəm. 2017-ci ildə biz ilk dəfə Çempionlar Liqasında oynamaq şansı əldə etmişdik. O vaxt bəzi səhvlər etdik və bu da nəticəyə təsir etdi. Amma biz heç vaxt futbol oynamaqdan əl çəkmədik. “Çelsi” dünya səviyyəsində böyük komandadır.

– 2017-ci ildən bu yana London klubunda nələr dəyişib?

– İndi komandada daha çox gənc futbolçular var. Məncə, 2017-ci ilin “Çelsi”si daha güclü idi və dünya miqyasında tanınmış futbolçulara malik idi. Amma “Çelsi” hər zaman “Çelsi”dir…

– “Qarabağ” tarix yaza bilər?

– İrəliləmək üçün hər şey var. Onların bu Çempionlar Liqasında göstərdiyi oyun çox xarakterlidir, keyfiyyətli futbol oynayırlar. “Qarabağ”ın oyununa baxmaq həqiqətən zövqlüdür.

– “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”, “Kopenhagen”, “Atletik”ə qarşı oyunlarını izləmisizmi? Komandanın səviyyəsini necə qiymətləndirirsiz?

– “Qarabağ”ın bütün oyunlarını izləyirəm — təkcə Çempionlar Liqasında yox, həm də yerli çempionatda. Mən bu klubu çox sevirəm və ona əbədi minnətdaram. Qurban Qurbanova, onun məşqçi heyətinə və klubun insanlarına böyük hörmətim var. Ailəm və mən artıq Azərbaycanın bir parçasıyıq. Biz bu ölkəni sevirik.

– Hazırda “Qarabağ”da olub Çempionlar Liqasında oynamaq istərdizmi?

– Əslində, bu həftə orada olub oyunu canlı izləməli idim. Təəssüf ki, Braziliyadakı məşqlərimə görə gələ bilmədim. Amma səbirsizliklə Azərbaycana gəlməyi və hər kəslə görüşməyi gözləyirəm.

Seçilən
28
sportinfo.az

1Mənbələr