AZ

Rusiya Avstraliyada səfirlik torpağı ilə bağlı məhkəmədə uduzdu

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Federasiyası Avstraliyanın paytaxtı Kanberrada yeni səfirlik binası üçün ayrılmış torpaq sahəsinə dair uzunmüddətli hüquq mübahisəsində məğlub olub. Avstraliya Ali Məhkəməsi hökumətin “milli təhlükəsizlik səbəbləri” ilə 99 illik icarə müqaviləsini ləğv etməsini qanuni hesab edib.

Bizimyol.info xəbər verir ki, sözügedən torpaq sahəsi Parlament binasının yaxınlığında, Yarralumla rayonunda yerləşir. Rusiya 2008-ci ildə bu ərazini səfirlik binasının tikintisi məqsədilə 99 illik müddətə icarəyə götürmüşdü. Lakin 2023-cü ildə Avstraliya hökuməti milli təhlükəsizliyi əsas gətirərək torpağın istifadəsini qadağan edən xüsusi qanun qəbul edib.

Rusiya tərəfi qərarın Konstitusiyaya zidd olduğunu və “ədalətli şərtlərlə” mülkiyyət hüququnun pozulduğunu iddia edərək məsələni məhkəməyə daşıyıb. Ali Məhkəmə isə hökumətin arqumentlərini əsaslı hesab edərək Rusiyanın iddiasını rədd edib.

Məhkəmənin qərarına əsasən, Avstraliya hökuməti Rusiyaya kompensasiya və məhkəmə xərclərinin bir hissəsini ödəməlidir. Kompensasiya məbləğinin dəqiq həcmi açıqlanmasa da, mənbələrə görə, ödəniş “ədalətli şərtlər” prinsipinə uyğun şəkildə müəyyən ediləcək.

Avstraliya tərəfi bəyan edib ki, qərarın məqsədi diplomatik münasibətləri gərginləşdirmək deyil, yalnız milli təhlükəsizliyin qorunmasıdır. Baş nazir Entoni Albanese məsələ ilə bağlı açıqlamasında: “Parlament binasının bir neçə metrliyində hər hansı xarici dövlətin strateji məqsədlərlə yeni bina inşa etməsinə icazə verə bilmərik”, - deyə bildirib.

Rusiya tərəfi isə qərarı “siyasi motivli” adlandırıb və Avstraliya hökumətini beynəlxalq diplomatik öhdəlikləri pozmaqda ittiham edib.

Hazırda Rusiyanın Kanberradakı səfirliyi əvvəlki binasında fəaliyyətini davam etdirir. Yeni səfirlik layihəsinin gələcək taleyi isə hələlik məlum deyil.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr