AZ

İbtidai siniflərdə ev tapşırıqları niyə çətindir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İbtidai təhsildə ev tapşırıqlarının həcmi və məzmunu tədrisin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Mövcud vəziyyət göstərir ki, Azərbaycan məktəblərində bir çox valideynlər ev tapşırıqlarının çoxluğu və çətinliyindən narazıdır. Bu, təkcə ailə daxilində psixoloji gərginlik yaratmır, həm də uşaqların təhsilə münasibətini formalaşdıran mühüm göstəriciyə çevrilir. Təhlil göstərir ki, problem ev tapşırığının çoxluğunda deyil, onun pedaqoji məqsədinin düzgün müəyyənləşdirilməməsindədir. Müasir tədris prosesi şagirdin öyrənmə yükünü deyil, öyrənmə keyfiyyətini tənzimləməlidir".Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə əsasən, ibtidai təhsil şagirdlərin təməl bilik, bacarıq və vərdişlərinin, həmçinin öyrənməyə marağının formalaşdırılması mərhələsidir:"Bu mərhələdə təlimin əsas prinsipi uşağın yaş psixologiyasına və fizioloji inkişafına uyğunluqdur. Lakin praktiki vəziyyət göstərir ki, ibtidai siniflərdə tapşırıqlar çox vaxt bu prinsipi pozur. 2023-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan daxili monitorinqlərin nəticələrinə görə, ibtidai sinif şagirdlərinin 67%-i ev tapşırıqlarına gündə 1,5 saatdan artıq vaxt sərf edir. Halbuki, beynəlxalq normalara əsasən bu yaşda övladların dərsdənkənar təhsil yükü 30–45 dəqiqədən çox olmamalıdır. Bu uyğunsuzluq uşaq psixologiyasında yorğunluq, diqqət dağınıqlığı və motivasiyanın azalması kimi nəticələr yaradır.OECD-in 2024-cü il “Education at a Glance” hesabatına əsasən, Finlandiya, Norveç və Niderland kimi ölkələrdə ibtidai sinif şagirdləri həftədə orta hesabla 2 saat ev tapşırığı yerinə yetirir. Azərbaycanda bu göstərici 8–10 saat arasındadır. Hətta Sinqapur və Cənubi Koreya kimi yüksək nəticə göstərən Asiya ölkələrində belə, ev tapşırıqları daha çox tətbiqi, yaradıcı və qrup əsaslı layihələrdən ibarətdir. Yəni, məqsəd uşaqdan əzbərləmə tələb etmək deyil, onun düşünmə bacarığını inkişaf etdirməkdir. Bu, məzmunla forma arasındakı fərqi aydın göstərir. Azərbaycanda çoxlu sayda tapşırıq verilməsi təhsil keyfiyyətinin yüksəkliyinə deyil, daha çox köhnə “nə qədər çox edərsə, o qədər öyrənər” anlayışına əsaslanır. Halbuki müasir təhsil sistemlərində az, lakin məqsədli və düşünməyə sövq edən tapşırıq üstünlük təşkil edir.Hesab edirəm ki, Azərbaycan ibtidai təhsilində ev tapşırıqlarının çoxluğu və çətinliyi problemi yalnız kəmiyyət deyil, keyfiyyət məsələsidir. Qanunvericilikdə və dövlət standartlarında nəzərdə tutulan balans prinsipi real tədris prosesində tam təmin edilməsə də, son illərdə həyata keçirilən islahatlar bu boşluğu aradan qaldırmağa yönəlib. Müasir dünya təcrübəsi göstərir ki, təhsilin keyfiyyəti tapşırığın çoxluğu ilə deyil, onun uşağın düşünmə, analiz etmə və yaradıcılıq qabiliyyətinə verdiyi təsirlə ölçülür. Azərbaycan təhsil sistemi də artıq bu istiqamətdə dəyişir və bu dəyişiklik Elm və Təhsil Nazirliyinin son illərdə apardığı siyasətin ən uğurlu nəticələrindən biridir".Cavidan Mirzəzadə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
demokrat.az

1Mənbələr