AZ

Qlobal iqlimə ən çox ziyan vuran ölkələrin 5-i COP30-u "boykot" etdi...


Azər Həsrət: “Dağıdıcılıqla məşğul olan, ekologiyaya ciddi ziyan vuranların həmin toplantıda iştirakı düzgün deyil”

Məlum olduğu kimi, bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün Braziliyanın Belem şəhərində bir araya gəlib.

Bəllidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP30) Tərəflər Konfransının 30-cu sessiyasına Braziliyanın Belen şəhərində start verilib. COP29 daha əvvəl Azərbaycanda keçirilib.

Qeyd edək ki, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Bu səbəbdən də bir çox ölkənin dövlət və hökumət başçıları iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində bir araya gəlirlər. Ancaq bəzi ölkələr var ki, onlar məlum tədbirdə iştirak etməyib. Belə ki, Rusiya, ABŞ, Çin, Hindistan vəİsrail liderləri məlum konfransda iştirak etməkdən imtina edib. Maraqlıdır, dünya ekologiyasını ən çox korlayan bu ölkələr niyə COP-da iştirak etməyib?

“Dünya ekologiyasına ən böyük zərər vuran ölkələrin rəhbərləri, məsul şəxsləri COP30 konfransında iştirak etməkdən imtina edib”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki,dünya ekologiyasına ən böyük zərər vuran ölkələrin rəhbərləri, məsul şəxsləri COP30 konfransında iştirak etməkdən imtina edib: “Amerika, Çin və digər dövlətlərin məsul şəxslərinin COP konfransında iştirak etməsi dünya ekologiyasına əlavə töhvə verərdi. Çünki onların sözünün çəkisi bir başqadır, bu dövlətlərin təsir imkanı fərqlidir. Həmin dövlətlər COP tədbirində iştirak etsəydilər, daha ciddi qərarların alınması üçün imkanlar yarana bilər. Bu hal dünya ekologiyasını xilas edə bilərdi. Ancaq göründüyü kimi, həmin ölkələrin liderləri öz yaxalarını kənara çəkməyi üstün tutur. Onu da deyim ki, Vladimir Putinin xaricə çıxmasında problem var. Bunun da səbəbi Rusiyanın Ukraynaya hücum etməsidir. Ancaq digər liderlər rahat şəkildə həmin toplantıda iştirak edə bilərdi. Üstəlik, Putinin həmin konfransda iştirakı ekologiyaya elə də fayda verməyəcəkdi, çünki o və başçılıq etdiyi dövlət dağıdıcılıqla məşğuldur. Dağıdıcılıqla məşğul olan, ekologiyaya ciddi ziyan vuranların həmin toplantıda iştirakı düzgün deyil. Dünya ölkələrinin dağıdıcı ölkələrdən hər hansı bir gözləntisi olmur. Ancaq Donald Tramp başda olmaqla, digər liderlər COP30 konfransında iştirak etməli idi”.

Günel CƏLİLOVA

Seçilən
76
baki-xeber.com

1Mənbələr