G7 nazirləri: Mövcud təmas xətti danışıqların başlanğıc nöqtəsi olmalıdır…
Poliqon xəbər verir ki, “Yeddilər qrupu”na daxil olan ölkələrin xarici işlər nazirləri Rusiyanı və Ukraynanı dərhal atəşkəsə nail olmağa çağırıblar. Bu barədə qərar Kanadada keçirilən G7 xarici işlər nazirlərinin görüşündən sonra qəbul edilən birgə bəyanatda əksini tapıb.
Bəyanata əsasən, G7 ölkələri münaqişənin daha da dərinləşməsinin qarşısını almaq üçün təcili diplomatik prosesə ehtiyac olduğunu vurğulayıb: “Hazırkı təmas xətti danışıqlara başlamaq üçün əsas götürülməlidir. Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qalırıq”.
Nazirlər Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılması barədə razılığa gəliblər. Sənəddə bildirilir ki, G7 həmçinin “Rusiya hərbi əməliyyatlarının maliyyələşdirilməsinə yardım edən ölkələrə və təşkilatlara” qarşı əlavə tədbirlərin mümkünlüyünü araşdıracaq. Söhbətin hansı dövlətlərdən getdiyi açıqlanmır.
G7-yə ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya daxildir. Qrup ölkələri bildiriblər ki, Ukraynada davam edən müharibə qlobal təhlükəsizlik sisteminə təhdiddir və beynəlxalq hüquqa əsaslanan nizamın qorunması üçün vahid mövqe zəruridir.
Poliqon.info