AZ

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Bakı, 13 noyabr, AZƏRTAC

Kanada çərşənbə günü Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar enerji və müdafiə sektoru ilə, həmçinin kiber infrastrukturla əlaqəli şəxslərə qarşı yönəlib.

AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, məhdudiyyətlər 13 fiziki şəxsi və 11 qurumu hədəf alıb.

Kanadanın xarici işlər naziri Anita Anand, sanksiyaların Rusiyanın adi və hibrid hərbi imkanlarını zəiflətmək, eləcə də enerji ixracı gəlirlərini və maliyyə imkanlarını azaltmaq məqsədi daşıdığını bildirib.

Kanada ilk dəfədir ki, Rusiyanın Ukraynaya qarşı hibrid strategiyalarında istifadə edilən kiber infrastruktura qarşı sanksiyalar tətbiq edir.

Bundan əlavə, sanksiya siyahısına Rusiyanın maye qaz ixracı ilə məşğul olan bir neçə şirkəti, eləcə də “kölgə donanması”nın 100 gəmisi daxildir.

Press-relizdə məhdudiyyətlərin ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən elan edilmiş son sanksiyalara uyğun olaraq həyata keçirildiyi və G7 ölkələrinin Rusiyaya iqtisadi təzyiq göstərmək üçün davam edən səylərini dəstəkləmək məqsədi daşıdığı bildirilib.

 

 

Seçilən
20
azertag.az

1Mənbələr