AZ

Azərbaycanda əhali sürətlə qocalır, uşaqlar artmır - XƏBƏRDARLIQ

Azərbaycanın əhali strukturu son 10 ildə nəzərəçarpacaq dərəcədə dəyişib.

Sitat.info xəbər verir ki, Hesablama Palatasının təqdim etdiyi yeni rəqəmlər ölkədə yaşlanma prosesinin sürətləndiyini göstərir.

Məlumata görə, əmək qabiliyyətli yaşda olan (20–64 yaş) hər 100 nəfərə düşən yaşlıların (65+) sayı davamlı olaraq yüksəlir:

2021-ci il - 12,7 nəfər

2022-ci il - 13,6 nəfər

2023-cü il - 14,7 nəfər

2024-cü il - 16 nəfər

Bu, o deməkdir ki, Azərbaycanın əhalisində yaşlıların yükü artır və pensiya sisteminə düşən təzyiq daha da güclənir.

Müqayisə üçün 2025-ci ildə bu göstərici Türkiyədə 17,3, Polşada 36,4, Çexiyada 37,1, Estoniyada 39,2 nəfər olacaq.  Azərbaycan Avropa ölkələrinə nisbətən hələ də gənc ölkə sayılsa da, artım tempi onlardan geri qalmır və tendensiya çox sürətlidir.

Hesabat göstərir ki, son 10 ildə ümumi əhali 6,8% artıb, amma eyni dövrdə 0–19 yaş aralığındakı insanların sayı artmayıb, əksinə payı 30%-dən 28,2%-ə düşüb. 65+ yaşlıların sayı isə tam 77,4% artıb.

Bu dəyişikliklər açıq şəkildə ölkədə uşaq doğumunun azalmasını, gənc ailələrin sayının azalmasını göstərir.

Statistika da bunu təsdiqləyir. Yeni doğulan uşaqların sayı 38,5% azalıb, nikahların sayı 27,1% azalıb, boşanmalar isə 68,9% artıb.

Yaşlı əhali qrupu genişləndikcə pensiya sistemi üzərindəki yük də artır. Rəsmi məlumatlara görə, 2024 və 2025-ci illərin müxtəlif dövrlərində pensiyaçıların təxminən 70 faizi 65 yaşdan yuxarı şəxslərdən ibarət olub. Bu isə növbəti illərdə pensiya xərclərinin artacağını və dövlət büdcəsinə əlavə təzyiq göstərəcəyini deməyə əsas verir.

Demoqrafik strukturda yaşlanma prosesinin sürətlənməsi uzunmüddətli dövrdə əmək bazarına, sosial təminat sisteminə və pensiya siyasətinə yenidən baxılmasını tələb edə bilər.

Seçilən
19
4
sitat.info

5Mənbələr