AZ

Banklar məhkəmə qərarı olmadan ipoteka əmlakını satdırır

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bir müddətdir ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə daxil edilmiş maddədən banklar və bank olmayan kredit təşkilatları sui-istifadə etməyə başlayıb. Həmin maddəyə görə, “İpoteka haqqında” Qanuna əsasən aparılmış notariusun icra qeydinə dair borclu tərəfinin qaldırdığı iddia icraatın dayandırılması üçün əsas deyil. Bu, qanunsuzdur”.

AzPost bildirir ki, bu barədə bank məsələləri üzrə mütəxəssis, tanınmış vəkil Əkrəm Həsənov deyib.

Vəkilin sözlərinə görə, bu Konstitusiyanın 29-cu (“Mülkiyyət hüququ”) və 60-cı (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”) maddələrinə ziddir.

“Notariusun icra qeydi təqdim olunan sənədlərdə borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Kreditor ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Borclu bundan şikayət etmədiyi halda kreditor notariusa müraciət edib icra qeydini alır və icra məmuru onun icrasını həyata keçirməyə başlayır. O cümlədən ipotekaya qoyulmuş əmlakın hərracını keçirir və s. Yəni məhkəməsiz-filansız. Hətta borc məbləği əslində mübahisəli olduğu halda. Əksər hallarda belə də olur, çünki banklar faiz və cərimə məbləğlərini şişirdir”-deyə vəkil qeyd edib.

Ə.Həsənov deyib ki, belə işlərin sayı artmaqdadır: “Məsələn, bank  30 min manat borcu olan şəxsə bildiriş göndərib, əsas borc və faizdən əlavə 10 min manat cərimə də tələb edib. Borclu başa düşməyib, fikir verməyib. Elə bilib ki, sadəcə borcun ödənilməsi tələb edilir. Amma bildirişdə notariusun icra qeydi barədə də vurğu olub. 20 gün ötüb və bank notarisudan icra qeydini alıb. İcra məmuru artıq ipotekada olan evin satışını həyata keçirmək əzmindədir. Təbii, borc məbləğinin özü mübahisəlidir. Amma notariuslar bunu yoxlamır. İcra məmuru da icraatı dayandırmır. Borclu məhkəməyə müraciət etdiyi halda belə. O cümlədən müvəqqəti təminat tədbiri çərçivəsində də məhkəmələr icraatı dayandırmır”.

Vəkil hesab edir ki, yaranmış vəziyyət qanunsuzdur: “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ən azı Konstitusiyanın 29-cu və 60-cı  maddələrinə ziddir. Çünki borclunu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edir. Şikayət etmək imkanı da verilmir. Kreditorlar da şişirdilmiş borc məbləğini tələb edir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi yekunda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin bu qanunsuz müddəasını ləğv edəcək”.

Ə.Həsənov kreditordan notariusun icra qeydinin tətbiq ediləcəyi ilə bağlı bildiriş almış hər kəsə tövsiyə edir ki, üç həftə ərzində şikayət versinlər, yəni icra qeydinin özünü gözləməsinlər. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

“Bu müddəanın özü də absurddur. Çünki prosessual qanunvericiliyə görə şikayəti məhkəmə aktlarından vermək olar. Kreditorun bildirişindən şikayətin verilməsi nəzərdə tutulmayıb. Tövsiyə edirəm ki, borclu dərhal kreditora qarşı məhkəmədə iddia qaldırsın. Kreditora da etiraz xarakterli cavab məktubunun yazılmasını tövsiyə edirəm.

Məsələ çox ciddidir. Faktiki olaraq, bank lobbisi qanuna antikonstitusion müddəa daxil etdirib, notariuslar və icra məmurları onu tətbiq edir, məhkəmələr də kənarda durub baxır. Bu, faktiki olaraq borclulara divan tutmaqdır”deyə vəkil vurğulayıb.

Ə.Həsənov bu halla artıq üzləşmiş və vaxtında şikayət verməyərək notariusun icra qeydinə məruz qalmış vətəndaşlara məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə, Ombudsmana  müraciət etməyi tövsiyə edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
2
azpost.info

10Mənbələr