AZ

Gürcüstan-Rusiya danışıqları növbəti dəfə pozulub

Gürcüstan-Rusiya

Gürcüstanla Rusiya arasında Cenevrə beynəlxalq danışıqlarının 65-ci mərhələsi pozulub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, danışıqlar zamanı xarici işlər nazirinin müavini Laşa Darsaliyanın başçılıq etdiyi Gürcüstan nümayəndə heyəti gündəlikdə duran əsas məsələlərə - Rusiyanın 12 avqust 2008-ci il tarixli atəşkəs haqqında saziş üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərin tam yerinə yetirilməsi, məcburi köçkünlər və qaçqınların işğal altında olan ərazilərə təhlükəsiz və ləyaqətli qayıtmasına diqqət yönəldib.

Gürcüstan tərəfi işğal altında olan ərazilərdə təhlükəsizlik, humanitar şərait və insan haqları sahələrində mövcud ağır vəziyyət məsələsini kəskin şəkildə qaldırıb. Suxumi hava limanının fəaliyyətə başlamasından, mütəmadi aviareyslərin yerinə yetirilməsindən, həmçinin Rusiya və Suxumi arasında dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə sərnişin daşımalarına başlanılmasından, beynəlxalq hüququn fundamental prinsip və normalarının pozulması ilə nəticələnən addımlardan narahatlıq ifadə edilib.

“Rusiya və onun nəzarətində olan işğalçı rejimin nümayəndələri əvvəllər olduğu kimi əsas məsələ olan məcburi köçkünlər və qaçqınların öz evlərinə qayıtmasının müzakirəsi zamanı danışıqlar masasını tərk ediblər. Nəticədə əvvəlkilər kimi danışıqların 65-ci mərhələsi uğursuzluqla başa çatıb”, - bəyanatda deyilir.

Qeyd edək ki, Cenevrə danışıqları 2008-ci ilin avqust müharibəsindən sonra başlayıb. BMT, ATƏT və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan bu danışıqlar Gürcüstanla Rusiya arasında yeganə siyasi dialoq formatıdır.

Seçilən
28
7
xalqcebhesi.az

8Mənbələr