Zəfər paradından sonra Azərbaycanın yeni hərbi doktrinasında prioritetlərin necə dəyişəcəyi maraq doğuran amillərdən birinə çevrilib.
Bakıvaxtı.az xatırladır ki, Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu.
Paradda ənənəvi müttəfiqlər - Türkiyə və Pakistanın ali nümayəndə heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin də yüksək rütbəli hərbi rəhbərlərinin iştirakı diqqət çəkib. Tədbirdə Slovakiyanın baş nazirin müavini və müdafiə naziri Robert Kalinak, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini Xalid bin Salman, Serbiyanın Baş Qərargah rəisi Milan Moysiloviç, Qırğızıstan və Qazaxıstanın müdafiə nazirləri, eləcə də, Özbəkistanın müdafiə nazirinin müavini yer alıb. Bu fakt Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə balanslı təhlükəsizlik siyasəti apardığını göstərir. Paradda nümayiş olunan hərbi texnikalarımız isə Bakının yeni güc mərkəzinə çevrildiyinin baiz nümunəsi oldu.
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın keçirdiyi Zəfər paradı yalnız hərbi güc nümayişi deyil, həm də regionda maraqları olan qüvvələrə mesaj kimi də dəyərləndirlə bilər.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sayını iki dəfə artırdı. Bundan əlavə, komando briqadaları yaratdı və onun genişlənməsini həyata keçirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində bu tip çevik və yüksək hazırlıqlı bölmələrin effektivliyini gördü və müharibədən sonra bu sahəyə xüsusi diqqət yetirdi:
"Azərbaycanın Hərbi Dəniz Qüvvələri uzun illər ərzində sovet dövründən qalma gəmilərlə fəaliyyət göstərirdi. Lakin artıq bu sahədə də islahatların aparıldığı, yeni gəmi və raket sistemləri ilə dəniz qüvvələrinin yenilənməyə başladığı görünür. “Sea Breaker” kimi dəniz məqsədli raketlərin alınması da bunu sübut edir. Zəfər Paradında Azərbaycan müxtəlif ölkələrin istehsalı olan - Türkiyə, İsrail, Çin, Çexiya və digər ölkələrdən alınan silahları nümayiş etdirdi ki, bu da Azərbaycanın yalnız bir tərəfə bağlı qalmadığını və müttəfiqlərlə əməkdaşlığını genişləndirməyə açıq olduğunu göstərir. Azərbaycan regiondakı maraqları olan ölkələrə mesaj vermiş oldu ki, rəsmi Bakı yalnız Ermənistan üçün yox, regionda maraqları olan bütün güc mərkəzləri üçün potensial aktordur və öz təhlükəsizliyini təmin etmək üçün hərbi gücünü modernləşdirməyə davam edir".
S.Məmməd vurğulayıb ki, Zəfər paradında nümayiş olunan silah sistemləri – "Sea Breaker" qanadlı raketləri, DITA və NORA özüyeriyən haubitsaları, "Hero" kamikadze dronları və HQ-9B hava hücumundan müdafiə sistemləri – Azərbaycan ordusunun müasir texnologiyalara əsaslandığını və nələri əsas götürdüyünü ortaya qoyur.

Səxavət Məmməd: Rəsmi Bakının istehsala xüsusi diqqət ayıracağı, müdafiə sənayesinin daha da inkişaf etdirəcəyi gözləniləndir
"Azərbaycan postsovet ölkələri arasında Rusiya və Belarusdan sonra hava məkanını ən güclü şəkildə qoruyan ölkələrdən biridir. HQ-9B kimi uzaqmənzilli zenit-raket komplekslərinin alınması ilə bu müdafiə sistemi daha da gücləndirilib. Bu sistemlər, xüsusilə Rusiya-Ukrayna və İran-İsrail qarşıdurmalarında hava hücumundan müdafiənin nə qədər həyati əhəmiyyət daşıdığını sübut edən faktorlardır”.
Müsahibimiz qeyd edib ki, Zəfər paradı Azərbaycanın yeni hərbi prioritetlərini - peşəkar və çevik ordu quruculuğu, texnologiyaya əsaslanan silahlanma, çoxqatlı hava müdafiəsi və beynəlxalq əməkdaşlıq - aydın şəkildə ortaya qoydu. Dediyinə görə, Azərbaycan bundan sonra da hərbi əməkdaşlığı artıracaq:
“Ancaq ən önəmli məsələ yerli istehsaldır. Rəsmi Bakının bu sahəyə xüsusi diqqət ayıracağı, müdafiə sənayesinin daha da inkişaf etdirəcəyi gözləniləndir".
Gülşən Şərif