AZ

COVİD 19 a oxşar virus Azərbaycanda da yayıla bilər: Nələrə diqqət edək?

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sinqapurlu alimlərin fikrincə, insan tənəffüs sinsitial virusu (RSV) şiddət baxımından artıq COVID-19 və qriplə müqayisə edilir.

Mütəxəssislər xəstəliyin şiddətini, kardiyak ağırlaşmaların riskini və uzunmüddətli nəticələrini qiymətləndirmək üçün üç araşdırma aparıblar. Tədqiqatın müəlliflərinin sözlərinə görə, RSV-yə yoluxanların 5-10%-i qripə bənzər simptomlar yaşayır. Həmçinin məlum olub ki, xəstəlik hər 20 xəstədən birində (5%) ölümcül olur. Buna görə də, RSV-dən ölüm nisbəti qripdən daha yüksəkdir və xəstəliyin şiddəti COVID-19 ilə müqayisə edilə bilər.

Bəs yeni virusun Azərbaycanda da yayılma ehtimalı varmı? Yeni virusu COVİD19-dan, qripdən necə fərqləndirə bilərik?

Bakıvaxtı.az-ın bu və digər suallarını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov cavablandırıb.

Onun sözlərinə görə, RSV infeksiyası kəskin respirator virus infeksiyaları qrupuna daxildir. Əsasən payız və qış aylarında daha çox yayılır. Bu infeksiyanın epidemik mövsümdə istənilən ərazidə yayılması ehtimalı mümkündür.

Müsahibimiz bildirib ki,  Respirator sinsitial virus (RSV) xüsusilə müəyyən yüksək risk qruplarında xəstəxanaya yerləşdirmə tələb edən ağır xəstəliyə səbəb ola bilər. Yenidoğulmuşlar, xüsusən də 6 və 12 aya qədər olan körpələr, vaxtından əvvəl doğulmuş körpələr (hamiləliyin 37 həftəsindən əvvəl doğulmuş), bronxopulmonar displaziya və ya anadangəlmə ürək xəstəliyi olan 2 yaşa qədər uşaqlar, immunitet sistemi zəif olan uşaqlar, sinir-əzələ pozğunluğu olan uşaqlar, kistik fibrozlu uşaqlar risk altında uşaqlardır:

“Risk altında olan böyüklər isə xüsusilə 65 və ya 75 yaşdan yuxarı olan yaşlılar, xroniki ürək və ya ağciyər xəstəliyi olan, immuniteti zəifləmiş, uzunmüddətli qayğı müəssisələrində və ya qocalar evlərində daimi yaşayan, digər ciddi xəstəlikləri (böyrək və ya qaraciyər xəstəliyi, nevroloji və ya sinir-əzələ xəstəlikləri, qan xəstəlikləri, şəkərli diabet) olanlardır.Bu qrup xəstələrdə RSV infeksiyası çox vaxt ağır formada baş verirə bilər”.

T.Eyvazov bildirib ki, Respirator sinsitial virus (RSV), qrip və COVID-19-un simptomları çox oxşar ola bilər, çünki onların hamısı tənəffüs yolu xəstəlikləridir. Dəqiq diaqnoz üçün xüsusi testləşmə tələb olunur. Dediyinə görə, bununla belə, onları fərqləndirməyə kömək edən bəzi xüsusiyyətlər var. RSV infeksiyası zamanı tənəffüs daha çox xırıltılı olur, xüsusən də gənc uşaqlarda onun simptomları çox vaxt tədricən inkişaf edir:

“Qrip adətən yüksək hərarət və şiddətli bədən ağrıları və yorğunluqla müşayiət olunan kəskin, qəfil başlayır. COVID-19 isə qəfil qoxu və ya dad itkisinin ən xarakterik əlamətinə malikdir və s. Bunlar əsas fərqlərdir. Simptomların əhəmiyyətli oxşarlığına görə, hansı virusun xəstəliyə səbəb olduğunu müəyyən etməyin ən etibarlı yolu testdir”.

“RSV üçün spesifik müalicə və ya peyvənd varmı, yoxsa simptomatik müalicə tətbiq olunur” sualına cavab verən həmsöhbətimiz bildirib ki,  RSV infeksiyası zamanı virusu məhv etməyə yönəlmiş effektiv spesifik terapiya yoxdur. Müalicə əsasən simptomatik və dəstəkləyicidir.

Təyyar Eyvazov:  RSV infeksiyasının qarşısının alınmasının qeyri-spesifik tədbirlərinə ümumi gigiyena qaydaları daxildir

T.Eyvazov qeyd edib ki, RSV infeksiyasının aktiv və passiv profilaktikası üçün təsdiqlənmiş bioloji preparatlar var. Yaşlı və xroniki xəstəlikləri olan şəxslər və hamilə qadınlar üçün (anadan alınmış anticisimlər 6 ayadək körpələri qoruyur) RSV vaksinləri (Aktiv immunizasiya) mövcuddur:

“Passiv immunizasiyada (antikor preparatları) isə monoklonal anticisimlərə əsaslanan dərmanlar (Palivizumab və ya Nirsevimab ) istifadə olunur ki, bunlar uşaqları ağır RSV infeksiyası riski yüksək olan qruplardan (vaxtından əvvəl doğulmuş körpələr, xroniki ağciyər xəstəlikləri olanlar, anadangəlmə ürək qüsurları və s.) qorumaq üçün tətbiq edilir”.SN-nin mütəxəssis-eksperti, infeksionist bildirib ki, RSV infeksiyasının qarşısının alınmasının qeyri-spesifik tədbirlərinə ümumi gigiyena qaydaları daxildir. Onun sözlərinə görə, əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir), tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanması, xəstə insanlarla yaxın təmasdan çəkinmək, tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi, kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmaq bu tədbirlərin sırasındadır:

“Xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə, evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.

Həmçini körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi əhəmiyyətlidir. Çünki ana südü qoruyucu faktorları ehtiva edir”.

Zeynəb Rrzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
bakivaxti.az

2Mənbələr