AZ

Qanunsuz tapşırıqlar, harın məmur biznesi və prezidentin tələbi

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Prezident yeni təyin olunmuş və yerləri dəyişdirilmiş icra başçılarını qəbul edib və deyib ki, məmurlar rayonların əkin üçün yararlı torpaqlarında özlərinə imarətlər tikirlər.

Həmin məmurlar cinayət məsuliyyətinə cəlb edildiyi bu imarətləri dövlətə təhvil verməli olurlar; əmlak mesadirəsi proseduru baş verir. Kimin əmlakı özündə qalırsa, onun vergisini verməli olacaq. Bu isə həmin imarətlərin bazar qiymətlərinə təsir edəcək.

Prezident əvvəlki çıxışlarının birində demişdi ki, o, bir neçə kanaldan məlumat alır. Yəni məlumat verənlərin özləri haqqında da məlumat əldə edir. Ona görə də şübhəsizdir ki, prezident İlham Əliyev real vəziyyət haqqında tam məlumatlıdır. ĞMəlumatlar isə dəhşətlidir.

Məsələ bundadır ki, nəinki iri, hətta və ortadan bir az aşağı səviyyəli məmurların da müxtəlif bölgələrdə imarətləri var. Həm də təkcə imarətlər deyil, mərkəzdə, yaxud yerlərdə vəzifələrdə oturan irili-xırdalı məmurlar, bir sıra deputatlar, eləcə də, müğənnilər və sair imkanlı və məşhur adamlar əkin-biçin sahələrini, yararlı torpaqları zəbt eləyib, heyvandarlıq fermaları yaradıblar, meyvə bağları salıblar. Bu, yuxarıdan aşağı əksər dövlət vəzifəlilərinə aiddir.

"Fərasətli" dövlət adamları öz əməkhaqqı ilə yaşamaq istəmirlər, kənarda biznes qurub, ordan böyük qazanc əldə edirlər. Ona görə də vəzifələrinin icrasına çox da can yandırmırlar. Düşünürlər ki, ən pis halda işdən çıxarılanda gedib öz şəxsi bizneslərinin başında oturacaqlar. Odur ki, kimin əlinə səlahiyyət keçirsə, bundan şəxsi biznesini çiçəkləndirmək üçün istifadə edir.

Davamlı olaraq indiki və keçmiş məmurların əmlaklarının uzun siyahısı yayılır. Bu siyahılarda ticarət, xidmət obyektlərindən tutmuş dəbdəbəli imarətlərə qədər, bahalı evlərə qədər hər şey var. O cümlədən də kənd rayonlarındakı torpaq sahələri, yenə də ordakı imarətlər, mülklər və sair.

Adamlar əllərindəki vəzifə səlahiyyətlərindən dövlət qurmaq üçün deyil, şəxsi biznes qurmaq üçün istifadə edirlər.

Prezidentin də dediyi kimi, mərkəzdə oturan bu harınlamış, acgöz məmurlar kənd yerlərinə də daraşmışlar. Kəndlinin nəyi varsa, ya zorla, ya da su qiymətinə əlindən alıblar. Artıq kənd yerlərində insanlar kənd təsərrüfatı ilə məşğul ola bilmir, ona görə də, bəli, ölkə prezidentinin də dediyi kimi, kənddən miqrasiya artıb; kəndlilər, xüsusilə cavanlar öz torpaqlarını ya dəyər-dəyməzinə satır, ya da iri şəhərlərdən gələn məmurlara ucuz qiymətə və uzun müddətə icarəyə verib, Bakıya köçürlər. Eləcə də, ölkəni tərk edirlər. Bu, ölkənin əmək qabiliyyətli əhalisini itirməsinə səbəb olur. Urbanizasiya bəlası böyüyür, kəndlər, qəsəbələr, balaca şəhərlər boşalır, əhali seyrəlir, əyalət öz gücünü itirir. Bunun da başlıca səbəbi əyalətdəki işsizlikdir.

Məmur biznesi, iqyisadi inhisarçılıq əyalət əhalisini gücsüzləşdirir; torpağın əsl sahibi onu itirir, öz halal torpağında sahibkardan günəmuzd fəhləyə çevrilir, qəpik-quruşa işləməyə məcbur qalır. Bölgələrə qıraqdan işçi qüvvəsi axır, yerli insanlar arasında işsizlik artır. Rayonlar bu minvalla boşalır. Səbəb: dövlət məmurlarının hər yerdə hər şeyi ələ keçirməsi, XXI əsrdə modern quldarlıq quruluşu yaratmağıdır.

İri şəhərlərə, xüsusilə, Bakıya gəlincə, burdakı vəziyyət də hamıya məlumdur. Prezidentin dediyi o acgöz, harınlamış məmurlar paytaxtda da hər yeri qamarlayıb. Prezident bölgələrdə məmurların tikdirdiyi imartlərdən danışdı, amma eyni hal (həm də daha böyük miqyasda) Bakıda da baş verib. Şəhərdə bir beçə yerdə camaatın "Milyonerlər məhəlləsi" adlandırdığı yaşayış bölgələri var. Buralarda bir villanın dəyəri ən azı bir neçə milyon manatla ölçülür. Eyni zamanda yaşayış binalarında mənzilləri müxtəlif adlar altında alıb kirayə verən məmurlar çoxdur. Bunlar heç də "bəziləri" deyil, əksəriyyətdir. Elə vəzifəli şəxs var ki, Bakıda nəinki bir neçə, onlarla mənzil alıb. 200-dən yuxarı mənzili olanlar belə var. Bu kimi məmur-biznesmenlər kirayə biznesini idarə etmək, kirayə haqlarının yığılmasına nəzarəti həyata keçirmək üçün xüsusi olaraq özlərinə başqa adlar altında ofis açır, işçilər saxlayırlar. Saymaqla bitmir bu cür qanunsuz və Allahsız işləklər.

Prezident icra başçıları ilə görüşündə məhz bu cür harın məmur biznesinə qarşı mübarizənin anonsunu verdi. O dedi ki, icra hakimiyyəti başçılarına mərkəzdən qanunsuz tapşırıqlar verilməyəcək. Əvvəlki illərdə belə halların geniş yayıldığını deyən prezident bunların təkrarlanacağı halda ona birbaşa məlumat verilməsini tələb etdi.

Məlumdur ki, haqqında danışdığımız qarətçi məmur biznesinin çiçəklənməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin və ona bağlı şəxslərin xüsusi rolu olub. Prezident ad çəkməsə də, söhbətin kimlərdən getdiyi məlumdur. Prezident dedi ki, indi həmin şəxslər qanun qarşısında cavab verirlər. Məhz Ramiz Mehdiyev uzun onillər ərzində icra başçılarının seçilib təyin edilməsində söz sahibi olub. Bir sıra yerlərdə nəinki icra başçıları, hətta nazirlər, başqa vəzifə sahibləri belə onun özü və yaxınları üçün imarətlər tikib, hədiyyə ediblər. İndi bunlar bir-bir ortaya çıxır, cəmiyyətə çoxdan bəlli olanları artıq istintaq da sorğulamağa başlayıb.

Ramiz Mehdiyev bir neçə maddə ilə təqsirləndirilib və cinayət məsuliyyətinə cəlb olunub. Bu ittihamlar arasında dövlətə xəyanət də var. Bilmirəm, istintaq orqanının əlində bunu sübuta yetirə biləcək hansı faktlar var. Ancaq bir şey dəqiq məlumdur: dövlətə xəyanət təkcə dövlət çevrilişi deyil (bu, əlbəttə, çox ağır cinayətdir, xəyanətdir, söz yox!). Məmurun biznes qurmağı da, ölkənin sərvətlərini qamarlaması da, torpağın xas yerlərini kəndlinin əlindən qoparıb, orada özünə saraylar qondarması da dövlətə xəyanətdir. Korrupsiya da, rüşvətxorluq da, iqtisadi inhisarçılıq da, büdcə talanı da dövlətə xəyanətdir. Çünki bütün bunlardan dövlət sarsılır, zəifləyir. Əslində prezidentin də tənqid etdiyi və aradan qaldırmağı tələb etdiyi bu əməllər də özlüyündə cinayətdir. Həm dövlətə qarşı, həm də cəmiyyətə qarşı.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
34
bizimyol.info

10Mənbələr