AZ

Rusiya Ukrayna müharibəsi: Sülh niyə qeyri müəyyəndir?

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rusiya və Ukrayna arasında sülh danışıqlarının əhəmiyyətli irəliləyiş əldə olunmadan dayandırılması beynəlxalq münasibətlər sistemində yeni və təhlükəli bir tendensiyanı üzə çıxarır.

Bu, təkcə iki dövlət arasında hərbi qarşıdurmanın davamı deyil, həm də beynəlxalq hüququn və diplomatik institutların zəifləməsinin göstəricisidir.

Münaqişənin uzanması, qlobal güc balansında dərin dəyişikliklərə və böyük dövlətlər arasında qarşıdurmanın daha da kəskinləşməsinə səbəb olur.

Rusiya və Ukrayna arasında sülh danışıqlarının əhəmiyyətli irəliləyiş olmadan dayandırılması beynəlxalq münasibətlər sistemində hansı siyasi tendensiyanı əks etdirir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, müharibəni proqnozlaşdırmaq getdikcə daha da çətinləşir:

"Qlobal güc balansında baş verən dəyişikliklər, müxtəlif dövlətlərin bir-birinə zidd maraqları və regional ambisiyalar münaqişənin gedişatını qeyri-müəyyən edir. Tramp administrasiyasının Rusiyanın dörd bölgəsini birləşdirməyə yönəlmiş siyasi ritorikası və Moskvanın öz mövqelərini möhkəmləndirməyə çalışması beynəlxalq münasibətlərdə yeni gərginlik mərhələsi yaradıb. İşğal olunmuş ərazilərin genişlənməsi reallıqda strateji üstünlük təmin etsə də, həmin qüvvələr hələ də tam sərhədlərə nəzarət edə bilmirlər. Rusiya isə bu vəziyyətlə razılaşmır və daha sərt addımlar atmaqdan çəkinmir".

Elxan Şahinoğlu: Rusiya-Ukrayna münaqişəsi artıq regional deyil, qlobal geosiyasi qarşıdurmanın bir hissəsinə çevrilib

Onun sözlərinə görə, bu proses, əslində, Birləşmiş Millətlər Təşkilatının və ümumilikdə beynəlxalq hüququn təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Qlobal səviyyədə qərarların qəbulunda konsensusun yoxluğu, sülh mexanizmlərinin işləməməsi və böyük dövlətlərin maraqlarının toqquşması beynəlxalq sistemin səmərəliliyini azaldır. Nəticədə, dövlətlər arasında etimad azalır, diplomatiya isə hərbi və iqtisadi təzyiqlərlə əvəz olunur:

"Çin tərəfi münaqişəni dayandırmaq, sülh prosesini bərpa etmək və vasitəçi kimi çıxış etmək istəyini dəfələrlə ifadə edib. Lakin Pekinin təşəbbüsləri real nəticə vermir. Bunun bir səbəbi Qərbin Çinə olan etimadsızlığı, digər səbəbi isə Rusiyanın öz maraqlarından geri çəkilməməsidir. Beləliklə, Çin diplomatik cəhdlər göstərsə də, Ukrayna müharibəsini dayandırmaq istiqamətində nəzərəçarpacaq irəliləyişə nail ola bilmir".

Həmsöhbətimiz deyib ki, bu vəziyyət Qərblə Çin arasındakı münasibətləri də gərginləşdirir. Qərb dövlətləri Pekinin neytral mövqeyini Rusiyaya dolayı dəstək kimi qiymətləndirir. Bu isə iki qlobal güc mərkəzi arasında iqtisadi, siyasi və ideoloji qarşıdurmanı dərinləşdirir:

"Ümumilikdə, Rusiya-Ukrayna münaqişəsi artıq regional deyil, qlobal geosiyasi qarşıdurmanın bir hissəsinə çevrilib. Müharibənin gedişi, sülh danışıqlarının dayanması və beynəlxalq institutların təsirsizliyi göstərir ki, dünya tədricən çoxqütblü, lakin xaotik bir sistemə doğru irəliləyir. Bu da yalnız region üçün deyil, bütün beynəlxalq münasibətlər sistemi üçün uzunmüddətli sabitlik riskləri yaradır".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
bakivaxti.az

1Mənbələr