AZ

Zəfər paradı – Qürur və birlik günü

44 günlük Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə keçirilən hərbi parad Azərbaycan tarixində silinməz iz buraxdı. Həmin gün Bakının Azadlıq Meydanında baş tutan möhtəşəm Zəfər paradı xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunmuşdu. Bu parad hər bir azərbaycanlı üçün sevinc, qürur və milli birliyin təntənəsi kimi yadda qaldı.

 

Zəfər paradı təkcə hərbi-siyasi hadisə deyil, həm də dərin mənəvi məna daşıyırdı, iki əsr boyu xalqımıza qarşı aparılan soyqırımı və işğalçılıq siyasətinə son qoyulmasının, Azərbaycan xalqının qalib millətə çevrilməsinin simvoluna çevrildi.

 

Tariximizin ən şanlı səhifəsini – Vətən müharibəsində qazanılan parlaq Qələbəni əks etdirən bu paradı ölkənin bütün bölgələrindən gəlmiş on minlərlə vətəndaş böyük coşqu ilə izləyirdi. Zəfər paradını fərqləndirən ən önəmli məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin Prezident İlham Əliyev ilə birgə paradı seyr etməsi idi.

 

Azərbaycan və Türkiyə tarixən bir-birinin yanında olub – həm ağır, həm də sevincli günlərdə. Bu ənənə Zəfər paradında da öz əksini tapdı. Həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin iştirak etməsi Azərbaycan–Türkiyə–Pakistan qardaşlığının təntənəsini nümayiş etdirdi. Müharibənin ilk günlərindən Türkiyə və Pakistan Azərbaycanın yanında oldu, bizə sarsılmaz mənəvi və siyasi dəstək göstərdilər.

 

Xüsusilə Türkiyə dövlətinin və onun Prezidentinin mövqeyi qardaşlığın əsl nümunəsi idi. Beynəlxalq təzyiqlərə baxmayaraq, Türkiyə bir an belə dəstəyini əsirgəmədi və bu, iki qardaş xalq arasında münasibətlərin sarsılmazlığını bir daha sübut etdi. Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı da Türkiyənin həm çətin, həm də xoş gündə Azərbaycanın yanında olduğunu bir daha təsdiqlədi.

 

44 günlük müharibə dövründə xalqımız bir yumruq kimi birləşərək öz birliyini və qüdrətini nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu bir amal uğrunda birləşdi və nəticədə, uzun illər həsrətində olduğumuz torpaqlar azad olundu.

 

Bu savaş sadəcə hərbi əməliyyat deyildi – bu, xalqın iradəsini həyata keçirmək, ədaləti bərpa etmək, 30 illik nisgilə son qoymaq və Azərbaycanın bütövlüyünü təmin etmək uğrunda mübarizə idi. Azərbaycan xalqı bu müharibədən alnıaçıq, üzüağ və qalib çıxaraq, öz həmrəyliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.

 

Torpaqlarımızın azad olunması və Zəfər paradının keçirilməsi xalqımızın illərlə arzuladığı bir hadisə idi. Bu arzu gerçəkləşdi – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu xalqın qələbə arzusunu reallığa çevirdi.

 

Zəfər paradını dünyanın hər yerində yaşayan soydaşlarımız və Azərbaycanın dostları böyük qürur hissi ilə izlədilər, düşmən isə bu mənzərəni acı məğlubiyyətin simvolu kimi gördü.

 

Bu gün üçrəngli Azərbaycan bayrağı azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb, soydaşlarımız doğma yurdlarına qayıdırlar. Zəfər paradı isə bu qürurlu yolun rəmzinə çevrilib.

 

Elçin Mehdiyev

Tarix: 13 Noyabr 2025, 14:31   
Seçilən
8
pravda.az

1Mənbələr