Prezident Administrasiyasının keçmiş rəhbəri, vətənə xəyanət və bir sıra digər ağır ittihamlarla hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin kadrı hesab olunan şəxslərin siyahısında keçmiş deputat, hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəylinin də adı var. Ölkə mediasında yayımlanmış məlumatlara görə Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri hələ uzun illər əvvələ gedib çıxır. Belə ki, G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Üzə çıxarılmış faktlardan görünür ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib. Məlumatlarda həmin evlərin ünvanları və fotoları da yer alıb. Araşdırmalarımız onu deməyə əsas verir ki, Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə təkcə Bakı şəhərində evlər hədiyyə etməklə kifayətlənməyib, ona bir vaxtlar deputatı olduğu Goranboy rayonunda da mal-mülk və hektarlarla torpaq sahibi olması üçün də geniş şərait yaradıb. Xatırladaq ki, Gültəkin Hacəbəyli deputat kimi məhz Goranboy rayonu 96 saylı Seçki Dairəsini təmsil edib. Təsadüfi deyil ki, goranboylular Gültəkin Hacıbəylini ancaq şəxsi maraqlarını güdmüş, hektarlarla əraziləri zəbt edib sonra həmin torpaq səhələrini hissə-hissə satışa çıxaran deputat kimi xatırlayırlar. Gültəkin Hacıbəylinin Goranboydakı səltənətinə daxil olan evlər və torpaq səhələrinin bir neçəsinə diqqət etsək, o, bütün bunları Ramiz Mehdiyevin xeyir-duası ilə deputat seçildikdən sonra əldə edib. Bu adamın hətta pay torpaqları üzərində özünə evlər tikməsinə də şərait yaradılıb. Gültəkin Hacıbəyliyə əvvəlcə Goranboy rayonunda 58-ci məhəllə adlanan ərazidə 80 sot torpaq səhəsi ayrılıb. Sakinlər bildirirlər ki, sonra o, bu ərazini hissə-hissə satıb, özünə 16 sot saxlayıb. Həmin torpaq sahəsinin 8 sotu Gültəkin Hacıbəylinin bacısı Aytən Hacıyevanın adınadır, 8 sotu isə öz adınadır. Gültəkin Hacıyevanın deputat olduğu dönəmdə Goranboyda sahibləndiyi torpaq sahələrindən biri də rayonun Xanqərvənd kəndindədir. Söhbət 1 hektara yaxın ərazisi olan pay torpaqlarından gedir ki, burada o özü üçün bağ evi tikdirib. Təsəvvür edirsiz, əkin üçün nəzərdə tutulan torpaqda Gültəkin Hacıbəylinin yaşayış evi tikdirməsinə kimsə qarşı çıxmayıb. Görünür, tapşırıq yuxarıdan bərk verilibmiş. Ramiz Mehdiyevin patronajı altında olan deputata kim nə deyə bilərdi ki… Gültəkin Hacıbəylinin Goranboyda malik olduğu və bilavasitə Ramiz Mehdiyevin tapşırığı ilə ona ayrılmış digər torpaq sahəsi isə rayonun Nadirkənd kəndindədir. Buradakı ərazi isə nə az, nə çox düz 5 hektardan ibarətdir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin ərazidə Gültəkin Hacıbəyli ticarət mərkəzi inşa etdirəcəkmiş. Lakin növbəti dəfə deputat seçilə bilmədiyinə görə işlər yarımçıq saxlanılıb. Gültəkin Hacıbəyliyə deputat olduğu illərdə təkcə torpaq sahələrinə sahiblənməsi ilə yanaşı, özünə biznes qurması üçün də şərait yaradılıb. Bu şərait də ona imkan verib ki, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində böyük bir daş-gips karxanasına sahiblənsin. Gültəkin Hacıbəylinin tikintisinə başlada bilmədiyi digər Ticarət Mərkəzi isə Goranboyun məşhur Goran dairəsində olmalıymış. Bizə təqdim olunan məlumata görə, burada Gültəkin Hacıbəyliyə məhz deputat olduğu dönəmdə 500 kv m ərazi ayrılıb. Lakin növbəti dəfə mandat əldə edə bilməməsi burada da inşaat işlərinin aparılmasına imkan vermir.Göründüyü kimi, bu gün günahsız mələk, insan hüquqlarının müdafiəçisi, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübariz obrazı yaratmış Gültəkin Hacıbəyli millətə vəkillik etməli olduğu illərdə ağsaqqalı Ramiz Mehdiyevin yaratdığı unikal şəraitdən yaralanaraq Goranboyda özünə əməlli-başlı səltənət qurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta