AZ

Böyük etimad: “Prezidentin verdiyi tövsiyələr ünvanına çatdı”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev yeni təyin edilən icra başçılarına bir sıra tövsiyələr edib:

“Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtı ilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb”.

Ölkə başçısının yeni təyin edilən icra hakimiyyətinin başçıları ilə bağlı görüşdə səsləndirdiyi fikirlər ziyalılar tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a bildirib ki, ölkə başçısı bir neçə rayona yeni icra başçısı təyin etdi və bəzi rayonların icra başçıları da yerləri dəyişdirildi:

“Ənənəyə uyğun olaraq cənab Prezident yeni təyin edilən icra başçılarını qəbul etdi və onlara öz tövsiyələrini verdi. Xüsusi olaraq tapşırdı ki, onlara çox böyük etimad göstərilib. Bir rayonun rəhbərliyi onlara tapşırılıb.

İcra strukturlarına bilavasitə rəhbərlik edəcək həmin şəxslər işlədikləri həmin dönəmdə Prezidentin xüsusi tapşırığı var ki, xalqa xidmət etməlidirlər. Öz səlahiyyət dairələrində olan rayonun ərazsisində yaşayan insanların vətəndaş məmnunluğuna nail olmalıdırlar. Ədalət prinsipini qorumalıdırlar. 

Ölkə başçısı həmin insanlar hansısa problemlə bağlı müraciət edirlərsə, o problemin həlli istiqamətində, eləcə də hüquqları hansı səviyyədə pozulursa, hüquqların bərpası istiqamətində müraciət etmiş şəxslərin problemlərinin həll edilməsi həmin vəzifələrə təyin olunan şəxslərin bir nömrəli vəzifəsidir dedi.

Dövlət başçısı nümunələr də gətirdi ki, əvvəlki dönəmlərdə bəzən qanundankənar fəaliyyət olub, onlar cəzalandırılıblar. Təxminən 10 nəfər icra hakimiyyətinin başçısı son illərdə müxtəlif maddələrlə əslində eyni motivlər üzərindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Artıq məhkəmənin qərarı ilə həbsdə, eləcə də istintaq altında olanlar var. Onların qanundankənar əməlləri nəticəsində məsuliyyətə cəlb edilməsi faktından da bir nəticə çıxarmalıdırlar. Ölkə başçısı digər tapşırıqlarını da verdi. Əsasən də yeni təyin olunan icra başçılarına idarəetmə prosesində ilk növbədə insanların problemlərinin həll olunması, vətəndaş məmnunluğunun əldə edilməsi və bilavasitə insanlara xidmət edilməsi ilə bağlı tövsiyələrini verdi. 

Görürük ki, əslində son təyinatlarda 80-ci illərin doğumlusu olan məmurlardır. Nisbətən gənc kadrlardır. Bu gənc kadrlar da idarəetmə metodlarına yiyələnməklə yanaşı insanlarla işləmək bacarığına da yiyələnməlidirlər və onlara göstərilən çox böyük etimadı doğrultmalıdırlar. Təbii ki, ilk növbədə icra başçılarının təyin edilməsi bilavasitə Prezidentin səlahiyyətində olan məsələdir. Prezidentin təyin etdiyi şəxslərə göstərilmiş etimad Prezident, eləcə də dövlət tərəfindən göstərilmiş etimaddır.

Həm onları təyin edən Prezidentin, eləcə də Azərbaycan dövlətinin etimadını doğrultmalı, vəzifələrinin öhdəsindən ləyaqətlə gəlməlidirlər. Ümid edirəm ki, Prezidentin verdiyi tövsiyələr ünvanına çatdı və yeni təyin olunan icra başçıları da fəaliyyətlərində onun tövsiyələrini əsas götürərək idarə etdikləri rayon ərazisində vətəndaş məmnunluğuna nail ola biləcəklər”.

Seçilən
91
cebheinfo.az

1Mənbələr