AZ

Prezident “məmur davranışlarında ən bariz problemləri” göstərdi...


Rauf Zeyni: “Biz bu cür məmurlardan xilas olmalıyıq...”

Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkənməmurlara növbəti dəfə sərt xəbərdarlıq edərək bəyan edib ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.

Prezident Əliyev bildirib: “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

“...Əhali ilə davranış qaydalarını düzgün qurmaması, əhalini saymaması kimi problemlər mövcuddur”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, yeni təyin olunan məmurlar da, vəzifə başında olanlar da Prezident İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxarmalıdır. “İllərdir ki, biz idarəetmədə müəyyən problemlərin, məmur özbaşnalığının olduğunu müşahidə edirik. Cənab Prezidentin də qeyd etdiyi kimi, məmurların özlərini təkəbbürlü aparması, özlərini fərqli insan hesab etməsi kimi hallarla bağlı dəfələrlə fikirlər bildirmişik. Hətta bunu bəzi məmurların özlərinə də çatdırmışıq ki, məmur xalqa xidmət etmək üçündür, siz əgər həyatınızı məmurluğa həsr edirsizsə bütün bunların hamısını nəzərə almalısınız.

Mən özüm beş il Sumqayıt şəhər sovetinin sədr müavini vəzifəsində işləmişəm. Orda örnək göstərə bilməmişəmsə onda mənim bu barədə danışmağım düz olmazdı, bu fikirləri bildirməyim əsassız olardı. Amma mən gənclik illərimdə o vəzifədə işlədiyim dövrlərdə də bir çox insanlara, məmurlara örnək olan fəaliyyət göstərmişəm. Üstündən 30 il keçməsinə baxmayaraq, mənim keçmiş fəaliyyətimi bu gün də vurğulayırlar.

Bu mənada hər bir şəxs, hər bir məmur öz mənəvi hesabatını verməlidir. Ölkə Prezidenti də konkret bildirdi ki, heç kimin mənfi əməli cəzasız qalmayacaq. Düşünürəm ki, biz idarəetmə düşüncəmizi dəyişməliyik. Məmurlar da bu istiqamətdə düşünməlidirlər, onlar özlərini islah etməli və dəyişməlidirlər.

İslahatlar vacibdir. Biz dövrün tələbi olan islahatları aparmasaq istədiyimiz nəticəni əldə etməyimiz çətin olacaq. Bu da əhalinin narazılığına səbəb olacaq. Çünki bu gün cəmiyyətdə məmurlardan həddən artıq narazılıqlar var. Korrupsiya, məmur özbaşınalığı, bəzi məmurların əhali ilə davranış qaydalarını düzgün qurmaması, əhalini saymaması kimi problemlər mövcuddur. Gedib istənilən insandan soruşsanız bunları deyəcək”.

R.Zeyni qeyd etdi ki, biz tarixi zəfər qazanmış bir xalqıq və zəfərə layiq cəmiyyət qurmalıyıq, bunu edə bilməsək, bu cəmiyyət və zamansa bizi cəzalandıracaq. “Mən cənab Prezidentin son günlərə qədərki təyinatlarını nəzərdə tutub deyirəm ki, bu gün ideal kadr tapmaq çətin məsələdir. Demək olar ki, ideal kadr heç yoxdur. Cəmiyyətdə ideal kadrları görməmək problemi var. Müəyyən şəxslər var ki, onlar da məmurdur və vicdanlı, peşəkar, xalqa xidmət etmək istəyən adamları vəzifədən kənarlaşdırır, özlərinə xidmət edən adamları, öz adamlarını gətirib vəzifəyə təqdim edirlər. Biz bu cür məmurlardan xilas olmalıyıq, əlbəttə, daha yüksək səviyyəli, peşəkar, xalqa həqiqətən də xidmət etmək istəyən şəxslər idarəetməyə cəlb edilməlidir. Bu kadrlar da cəmiyyətimizdə kifayət qədərdir. Sadəcə olaraq, onları üzə çıxarıb ölkə başçısına təqdim etmək lazımdır. Bu sahədə problemlərimiz çoxdur, düşünürəm ki, addım-addım irəli getməklə bu problemləri də köklü şəkildə həll etmək vacibdir. Çünki bütün məsələlər idarəetməyə bağlıdır. Əhalinin vəziyyəti, rifahı əsasdır. Ölkə başçısı daima vurğulayır ki, bizim siyasətimizin mərkəzində xalqın rifahı, vətəndaş məmnunluğu dayanır. Vətəndaş məmnun deyilsə ona dərhal reaksiya vermək lazımdır, aydınlaşdırmaq, araşdırmaq lazımdır ki, vətəndaş nəyə görə narazıdır. Bundan irəli gələrək qeyd edim ki, cənab Prezidentin əsas tövsiyələrindən biri də ictimai nəzarəti gücləndirməkdir. Həqiqətən də ictimai nəzarət çox yüksək səviyyədə təşkil olunmalıdır ki, bu cür neqativ hallar uzun müddət davam etməsin. Çünki məmur təyin olunur, xeyli müddət işləyəndən sonra məlum olur ki, bu gərəksiz məmurdur, Prezidentin ona göstərdiyi etimadı doğrultmur. Neqativ hallar olmasın deyə biz ictimai nəzarəti vaxtında yerinə yetirməliyik ki, ölkə Prezidenti lazımı məlumatları vaxtında əldə etsin və ondan irəli gələrək qərarlarını qəbul etsin”-deyə R.Zeyni qeyd etdi.

İradə SARIYEVA

Seçilən
90
34
baki-xeber.com

10Mənbələr