AZ

Bir ömürlük Vətən andı

525.az saytına istinadən ain.az xəbər verir.

44 günlük Vətən müharibəsində adını Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazdıran igidlərimizdən biri də gizir Saleh Nəriman oğlu Məcidzadədir. O, torpağına, millətinə və dövlətinə sonsuz məhəbbəti ilə seçilən, həyatını Vətənə həsr edən mərd bir oğul idi. 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində dünyaya göz açan Saleh halal zəhmətlə yaşayan bir ailədə böyüyüb. Uşaqlıqdan xeyirxahlığı, səmimiyyəti, vətənpərvərliyi ilə tanınıb, məktəb illərində həm müəllimlərinin, həm də dostlarının sevimlisi olub. Gənc yaşlarından universal idman növü ilə məşğul olan Saleh qatıldığı yarışlarda dəfələrlə qalib adını qazanıb, ordu idman növləri üzrə yüksək nəticələr göstərərək öz əzmkarlığı və iradəsi ilə fərqlənib.

Doğma torpaqların düşmən tapdağı altında qalması onu narahat edirdi. Bu hiss Saleh Məcidzadəni hərb yoluna aparan əsas səbəb oldu. O, hərbi xidmətə cəbhə bölgəsində başlayıb, qısa zamanda nizam-intizamı, cəsarəti və mərdliyi ilə seçilərək nümunəvi əsgərə çevrilib. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qəbul olunub, təlimlərdə yüksək göstəricilər əldə edib və gizir rütbəsinə layiq görülüb. Döyüş yoldaşlarının sözlərinə görə, Saleh Məcidzadə tez-tez belə deyərdi: "Mən Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmağa belə hazıram. Qarabağımızı azad etmək hər bir gəncin borcudur".

O, ilk dəfə Aprel döyüşlərində igidlik göstərib, Lələtəpə yüksəkliyi uğrunda savaşda mərdliyi ilə seçilib. Daha sonra Tovuz döyüşlərində düşmən diversiya qruplarının məhv edilməsində xüsusi xidmət göstərib və təltif olunub.

Saleh Məcidzadə 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə olub, döyüşlərdə düşmənə ağır zərbələr endirib, bir neçə uğurlu əməliyyata rəhbərlik edib. 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Saleh Məcidzadənin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Onun adı bu gün də qürurla, hörmətlə çəkilir. Saleh kimi oğullar sayəsində üçrəngli bayrağımız azad torpaqlarımızda dalğalanır.

Torpaq şəhid qanı ilə Vətən olur. Saleh Məcidzadə bu həqiqəti öz həyatı ilə sübut etdi. O, vətən sevgisinin, mərdliyin və igidliyin simvoluna çevrildi - ruhu daim azad Azərbaycanın üzərində ucalır.

Zəfər ORUCOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
525.az

1Mənbələr