AZ

Zirvəyə ucalan ömür Şəhid Murad Musayevin unudulmaz xatirəsinə

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Yeganə XANLAROVA

Filologiya üzrə fəlsəfə doktoru

Anamgilin ailəsi, yəni nənə-babam 1948-ci ildə deportasiya edilərək Qərbi Azərbaycan torpaqlarından Bərdənin İmirli kəndinə köçürülüb. Bulaq suyutək saf ürəkli, qohumcanlı, qonaqpərvər, həlim xasiyyətli anam bu yaxınlarda böyüyüb boya-başa çatdığı doğma ata ocağına - Bərdə şəhəri İmirli kəndinə səfər edib. Hal-əhval tutmaq üçün tez-tez telefonla zəngləşirik. Növbəti danışıqlardan birində səsindən hiss etdim ki, kövrəlib. Səbəbini soruşmayıb mövzunu dərhal dəyişdim ki, özünü toparlasın. Amma başa düşdüm ki, danışa bilməyəcək, qəhər onu boğur. Zəngi sonlandırıb tez sağollaşmaq istəyir. Sözü uzatmağın mənası yox idi, uyğun vaxtda zəng etmədiyimin fərqində idim. Sonradan öyrəndim ki, anamın duyğulanıb kövrəkləşməsinin səbəbi, dünyasını dəyişən valideynlərinin - nənə-babamın, Qarabağ savaşı şəhidləri, qohum-əqrəbalarının məzarını ziyarətdən gəlməsi imiş. Hər birinə Allah rəhmət eləsin!

İmirli kəndindən I və II Qarabağ müharibəsində iştirak edən xeyli sayda şəhid olan igidlər var: Abbasov Rəhman İsmi oğlu, Məmmədov Əsgər İsmayıl oğlu, Calalov İlqar Salman oğlu, Musayev Murad Polad oğlu.

Bu şəhidlərə məxsus məzar daş-torpağı kənd camaatının daimi ziyarətgahına çevrilib, həmin şəhidlər kəndin VƏTƏN məbədgahı simvolu hesab olunaraq mütəmadi yad edilirlər.

Biz bu məqalədə İmirli kəndindən II Qarabağ savaşında haqq dünyasına qovuşan şəhid Musayev Murad Polad oğlunun ömür yoluna işıq salacağıq.

Belə bir deyim var: Süleymana qalmayan dünya heç kəsə qalmayacaq. Ölümü hər kəs dadacaqdır. Amma şəhidlərin məzarı nisbi anlayışdır, çünki onlar Murad Musayev kimi xalqın ölümsüzləşən qəhrəmanına çevrilirlər!

Hər şey bu dünyada gəldi-gedərdir,

Yalnız igidlikdir əbədi qalan.

Yalnız qəhrəmanlar,

yalnız mərdlərdir,

Zamanın fövqünə qalxıb ucalan

(Xəlil Rza Ulutürk)

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Murad Polad oğlu Musayev Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib, müharibənin ilk şəhidlərindən olub, 19 yaşında şəhidlik zirvəsinə yüksəlib. Qanında, ruh dünyasında mərdlik, qorxmazlıq, cəsarət, vətənpərvərlik hissi olan şəhid Murad Musayev Azərbaycana sevgisini, torpaq uğrunda can vermək amalını gənclik illərinin başlanğıcında əzmlə yerinə yetirdi, dillərdə dastan oldu.

"Ohanyan səddi"nin yarılması uğrunda gərgin döyüş əməliyyatı zamanı qəhrəmanlıq göstərən Murad Musayev şəhidliyindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Şəhidin I Qarabağ savaşında döyüşlərdə iştirak etmiş atası, qazi Polad Musayev oğlunun Vətən uğrunda göstərdiyi şücaətini həmişə qürurla dilə gətirir.

Dağlardan tökülür köhlən şəlalə,

Şəlalə - dağların mərd övladıdır.

İldırım - buludun, tufan - dənizin,

Cəsarət - kişinin istedadır!

(Xəlil Rza Ulutürk)

Bilirik ki, dünya fanidir! Bir bayatıda deyildiyi kimi:

Əzizim axar gedər,

Şimşəklər çaxar gedər,

Dünya bir pəncərədir,

Hər gələn baxar gedər.

Şəhid Murad Musayev bu pəncərədən sıradan biri kimi baxıb keçməklə kifayətlənmədi, o, xalqı üçün dünyaya gəldi, adını qəhrəmanlıq dastanının səhifəsində igid oğul kimi ölümsüzlüyə, unudulmazlığa yazdırdı!

Anadan bir kərə doğulmaq azdır,

Yetişib xalq üçün doğulmaq gərək.

Təpələr yanında dağ olmaq azdır,

Dağlar cərgəsində dağ olmaq gərək.

(Xəlil Rza Ulutürk)

Yollar çoxdur: ömür yolu, yaradıcılıq yolu, həyat yolu, şərəf yolu və s. Murad Musayevin tutduğu yol şərəfli oldu - ŞƏHİDLİK! O, vətənin müqəddəsliyini izah etmək üçün elə yol seçdi, şəhadətə elə şücaətlə yüksəldi ki, İmirli kənd camaatı, qohumları, qonşuları, bir sözlə - hamı onu uca, ali qəbul edir.

Muradın ulu babaları Qərbi Azərbaycan torpaqlarının Dərələyəz mahalından Bərdə şəhəri İmirli kəndinə deportasiya olunublar. Şəhidin ulu babaları Şərur-Dərələyəz qəzasında Andranikin qoşunları ilə qəhrəmancasına vuruşan Çivə taborunun iştirakçılarından olub. Atası Polad Musayev I Qarabağ müharibəsində iştirak edib, yaralanıb, qazidir. Şəhidin anası isə Kəlbəcərdən məcburi köçkün düşüb. Murad həmişə ailəsində böyüklərindən Vətən mövzusunda söhbətlər eşidib, vətənpərvər ruhda tərbiyə alıb, ermənilərin tarixi torpaqlarımız olan Qərbi Azərbaycanı, Qarabağı işğal etməsini qəbul edə bilməyib, erməni qəsbkarlarına uşaqlıqdan qisas, nifrət hissi ilə böyümüşdü. Muradtək qeyrətli oğul təkcə valideynlərinin itkisi sayılmaz, bütöv elin dərdi hesab olunur. Xalq onun kimi cəsur igidləri ilə fəxr edir. Vətənimizin hər daşı, hər qayasının məhz onun kimi qeyrətli oğullara ehtiyacı var. Bir şeirdə yazıldığı kimi: "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" (M.Araz). Doğrudur ki, Vətən üçün mərd oğul kimi seçilmişlərdən olmaq asan deyil! Şəhid Murad Musayev də bu yurdun müqəddəsliyini yaşının az vaxtında dərk etməyi bacaran böyük ürək sahibi imiş. Hələ azyaşlı şagird ikən, Rəhman Abbasov adına İmirli kənd orta məktəbində oxuduğu ibtidai sinif illərində müəlliminin ona ünvanladığı "Sən böyüyəndə kim olmaq istəyirsən?" sualına - "Mən şəhid olmaq istəyirəm" - deyərək Murad cavab vermiş, bəxtini, tale yolunu bu sözlərlə yazmışdı əvvəldən sanki.

Şəhidin öz əsgər kitabçasında yazdığı şeir parçasını təqdim edir və şəhidin qarlı günlərdə cəsur döyüşçü yolu keçməsini öz dəsti-xətti ilə izah edirik:

Nə qar bitər, nə boran

Nə döşək var, nə yorğan

Əldə silah postda duran

Əsgərlərin sağlığına!

Uşaqlıqdan Vətənə, Bayrağa xüsusi sevgisi vardı. Hələ 9 yaşı olanda Murad Musayev Milli qəhrəman Mübariz İbrahimovun şəhid olma xəbərinə sarsılmış, bu xəbər ona çox pis təsir etmişdi. Onun videolarına baxıb "Mübarizin qisasını mən alacağam, mən də onun kimi qəhrəman şəhid olacağam!" - deyə cavab vermişdi. Bu cür cəsur ürək sahibi olduğu üçün Muradın ruhuna, o cümlədən onu dünyaya gətirən cəsarətli, fədakar anaya ayaq üstündə alqış düşür!

Sən bu dünyanı cismən tərk edə bildin, lakin sən əbədisən, sən bütün nəslin, təhsil aldığın məktəbin, el-obanın, böyüdüyün İmirli kəndinin - bir sözlə, bütün Azərbaycanın fəxrisən! Səni dünyaya gətirən, sənə əxlaq, tərbiyə, vətən təəssübkeşliyi öyrədən ata və anan üçün qürur ünvanı oldun və bunu şəhadətin və şərafətinlə, qəhrəmanlıq və cəsurluğunla hamıya sübut etdin! Sən valideynlərinə, ailənə başıucalıq rəmzi oldun, hamı Səninlə qürur duyur! Sənin haqqında yazmaq, bir şəhidi qələmə almaq olduqca məsuliyyətlidir. Çünki sənin vətənpərvərliyini təhlil etmək üçün sözlər də, qələmin gücü də acizdir.

Həm bu ona görə çətindir ki, məqaləni oxuyan əzizlərinin yaralarını qanatmaq istəməzdik. Amma bir şəhidi yad etmək vacibdir və bu, hər birimizin mənəvi borcudur. Qoy səni böyüdən valideynlər bilsinlər ki, onların şücaətli oğlu Muradın qəhrəmanlığı təkcə doğma bir kəndin əhatəsində deyil, Azərbaycanın hər qarışında danışılır və danışılacaq! Başını dik tut, Arzu ana! Səhərini aydınlığa aç Polad ata! Qarabağ torpaqlarının azadlığı uğrunda yazılan qəhrəmanlıq salnaməsinin bir hissəsində Murad Musayevin imzası var! O, daim fəxr ünvanı kimi yad ediləcək, o, daim qürur yeri kimi anılacaq və ona daim rəhmətlər oxunacaq. O, dünya durduqca qəlblərdə və tarixin yaddaşında yaşayacaq!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
525.az

1Mənbələr