AZ

Prezident sədrlə bağlı FƏRMAN İMZALADI

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib.

Paytaxt.org  məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib.

Qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri  Elnur Bağırovdur.

O,2025-ci ilin fevral ayında bu vəzifəyə təyin edilib.

1973-cü ildə Bakı şəhərində anadan olub.O, 1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb. 2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib. 2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Seçilən
65
paytaxt.org

1Mənbələr