AZ

İsveçdə ürək-damar xəstəliklərindən ölüm nisbəti kəskin şəkildə azalıb

Stokholm, 14 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Son 20 ildə İsveçdə ürək-damar xəstəliklərindən - infarkt, insult və ürək çatışmazlığından ölüm hallarının sayı yarıya qədər azalıb.

AZƏRTAC xəbər verir ki, ötən il təxminən 27 min insan bu xəstəliklərdən dünyasını dəyişib ki, bu da ölkədəki bütün ölüm hallarının üçdəbirini təşkil edir.

Ekspertlərin fikrincə, bu uğur həyat tərzindəki dəyişikliklər, sosial-iqtisadi vəziyyətin yaxşılaşması və tibbdəki inkişafla əlaqələndirilir.

İsveçlilər daha az siqaret çəkir və spirtli içki içir, intensiv şəkildə idman etməyə və sağlam qidalanmağa başlayıblar. Bundan əlavə, son onilliklərdə təhsil və gəlir səviyyələri əhəmiyyətli dərəcədə artıb, bu da riskləri azaldır. Məsələn, Stokholmda ən yüksək gəliri olan kişilər ən aşağı gəliri olanlardan orta hesabla doqquz il daha çox yaşayırlar. Qadınlarda isə bu fərq təxminən beş il təşkil edir.

Kardiostimulyatorlar və implantasiya edilə bilən defibrilyatorlar kimi yeni dərmanlar və tibbi texnologiyalar ürəyin gərginliyə tab gətirə bilmədiyi həyati təhlükəsi olan ürək çatışmazlığından əziyyət çəkən 200 min isveçlinin sağqalma şansını əhəmiyyətli dərəcədə artırıb.

Statinlər və yeni antikoaqulyantları da daxil olmaqla, yüksək təzyiq və xolesterinə qarşı müasir preparatlar, eləcə də təkmilləşdirilmiş müalicə üsulları minlərlə insanın həyatını xilas etməyə imkan verib.

Seçilən
20
1
azertag.az

2Mənbələr