Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi zamanı bildirib ki, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ölkələri üçün hansı iqtisadi üstünlükləri yarada bilər?
İqtisadçı Xalid Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, Mərkəzi Asiya ölkələri üçün həm idxal, həm də ixrac əməliyyatlarında yeni, aktiv marşrut açıla bilər:
"Mərkəzi Asiya ölkələrinin Türkiyə ilə, Avropa ilə ticarəti istiqamətində yeni koridor yarana bilər. Mərkəzi Asiya ölkələri Şərq-Qərb nəqliyyat dəhlizinin üstündə yerləşir. Şərq-Qərb nəqliyyat dəhlizinin də bir hissə, bir istiqaməti Zəngəzur dəhlizidir".
Müsahibimiz qeyd etdi ki, malları bu kanalla ixrac etmək və yaxud da idxal etmək mümkün olacaq:
"Dəhliz dəmir yolu xətti və quru yol xəttindən ibarət olacaq. İdxal-ixrac əməliyyatlarında bu kanaldan istifadə edə biləcəklər. Həm sərfəli olacaq, həm də diversifikasiya olacaq. Onların çıxışı İran, Rusiya üzərindən hal-hazırda da var. İran da, Rusiya da bir az qeyri-stabil, Qərblə yola getməyən ölkələrdir. Ona görə də etibarlı, alternativ bir dəhliz formalaşmış olacaq".
Aytəkin TOFİQQIZI