ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Belə bir iddia var: Ən aşağı minimal əməkhaqqı Azərbaycandadır. Hazırda Azərbaycanda minimum əməkhaqqı qonşu ölkələri ilə - Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İranla müqayisədə aşağı səviyyədədir.Minimum əməkhaqqının artırılması iqtisadi baxımdan nə dərəcədə real görünür?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqı anlayışı dünyada artıq formatını dəyişməkdədir.
Natiq Cəfərli
“Azərbaycanda minimum əməkhaqqı anlayışı özü-özlüyündə bir fetişə çevrilib. Hamı elə bilir ki, minimum əməkhaqqı artsa hər şey düzələcək. Elə deyil. Əslində, minimum əməkhaqqı anlayışı dünyada artıq formatını dəyişməkdədir. Minimum əməkhaqqı müxtəlif ölkələrdə ona görə vacibdir ki, işəgötürənlər - istər özəl sektor, istərsə də dövlət qurumları - işçilərə bu məbləğdən aşağı əməkhaqqı verməsinlər. Yəni ən vacib məsələ budur. Amma Azərbaycanda indi minimum əməkhaqqı 400 manatdırsa hansısa bir əsaslandırma ilə olmayıb. Sadəcə 400 manatdan aşağı əməkhaqqı vermək olmaz. Amma Azərbaycanda bu gün indiki inflyasiya ilə, indiki qiymətərlə kim 400 manata işləməyə razıdır? Ona görə Azərbaycanda bunun formatı dəyişməlidir. Məsələn, Türkiyədə bu anlayışa “askeri ücret” deyilir. Bu, minimum istehlak səbətinə əsaslanaraq hesablanır və vətəndaşların ərzaq, qeyri-ərzaq məhsullarına, kommunal xidmətlərə olan ehtiyacları nəzərə alınır. Nəticədə kifayət qədər yüksək rəqəm alınır. Məsələn, bizim pulla bu məbləğ təxminən 1000 manat civarındadır. Çünki orada bu məsələ düzgün yanaşma ilə, real hesablamalar əsasında aparılır.
Amma Azərbaycanda minimum əməkhaqqının artırılmasının real təsiri çox azdır. Çünki 400 manata işləyən insan tapmaq çətindir. Bu artım ən çox kiçik sahibkarlara təsir edir. Minimum əməkhaqqı artan kimi sahibkar əməkhaqqının 25%-ni vergi kimi DSMF-yə ödəməli olur. Yəni qəribə səslənsə də, artımın yükü daha çox onların üzərinə düşür. Ona görə də Azərbaycanda minimum əməkhaqqı anlayışı köklü şəkildə dəyişməlidir. Minimum istehlak səbəti, yaşayış minimumu və minimum əməkhaqqı bir sistem daxilində birləşdirilməli, düzgün indikatorlarla hesablanmalıdır. İnsanların bir ay ərzində hansı məbləğlə yaşaya biləcəyi real olaraq müəyyənləşdirilməlidir.
Azərbaycanda bu məbləğ ən azı 500-600 manat olmalıdır. 4 nəfərlik ailə üçün isə təxminən 2000 manatlıq gəlir tələb olunur. Amma bu, mövcud reallıqla üst-üstə düşmür. Məsələn, 5 nəfərlik ailədə yalnız ana və ata işləyirsə, ümumi gəlir 1200-1500 manat arasındadır. Bu məbləği 5 nəfərə böldükdə, hər birinə 300 manat düşür - bu da minimum tələbləri ödəməyə kifayət etmir. İnsanlar yarıac, yarıtox yaşayırlar.
Buna görə də bu anlayışlar birləşdirilməli və yeni, real iqtisadi vəziyyəti əks etdirən model yaradılmalıdır”-deyə Natiq Cəfərli qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.