AZ

Fərqanənin çağdaş xocası

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu günlərdə Özbəkistanın populyar “kun.az” saytında Sərvər Ziyoyev və Sərdar Məmirov adlı 2 jurnalistin imzası ilə Fərqanə şəhərində şagirdlərin dərin hörmətini qazanan bir məktəb direktoru haqqında yayımlanan yazı diqqətimi cəlb etdi.

Orada deyilir: “Şərafəddin Xusanov Fərqanə şəhərindəki 5 nömrəli orta ümumtəhsil məktəbinin direktorudur. Şagirdlər ona bir ata kimi hörmət edirlər. Direktor demək olar ki, bütün şagirdlərin adlarını əzbər bilir. Hər gün onları məktəbin girişində qarşılayır və dərsləri ilə maraqlanır. Uşaqlar buna artıq öyrəşiblər.

Şərafəddin müəllim bununla bağlı jurnalistlərə deyib:

– Peşəmi, şagirdlərimi sevirəm. Mən onların məktəbdə atasıyam. Bunu utanmadan deyirəm, çünki bir çox valideynlər çörəkpulu qazanmaq məqsədilə ailələrindən kənarda yaşamağa məcbur olurlar. Şagirdlər məni sanki ataları kimi görürlər. Onlar səhərlər məktəbin qapısında hər dəfə mənə tərəf qaçanda, onları necə qucaqlamaya bilərəm?

Məktəbdə psixoloq var, amma direktor bir çox hallarda psixoloq rolunda çıxış edir. O, gün ərzində sinif otaqlarına baş çəkməyi çox sevir. Uşaqların dərslərə davamiyyəti ilə maraqlanır.

Bu zaman şagirdlərə deyir:

– Siz mənə öz övladlarım qədər əzizsiniz. Nə bir sözünüz, hər hansı bir çətinliyiniz olsa, mənə deyin!

Direktor hesab edir ki, rəhbər olmaq heç də səlahiyyət nümayişi deyil. Əksinə, vəzifəli şəxs xalqın xidmətçisi olmalıdır. Məktəbin direktoru isə uşaqların ən yaxın dostu kimi davranmalıdır.

Şərafəddin müəllim artıq 16 ildir ki, bu məktəbdə çalışır. O, bura direktor təyin olunanda məktəbdə 500 şagird təhsil alırdı. Bu gün isə bu təhsil ocağının 2 min 500 şagirdi var. Şagird kontingentinin sayı 5 dəfə artıb. Şəhərdə çoxları övladlarının “Şərafəddin müəllimin məktəbi”ndə oxumalarını arzu edirlər.

Qeyd etmək lazımdır ki, direktorun özü də bu məktəbin yetirməsidir. 1990-cı ildən 2000-ci ilə qədər burada oxuyub. Məzun olduqdan sonra ali təhsilli bədən tərbiyəsi müəllimi işləyib, daha sonra isə direktor olub.

Yazının müəllifləri bu reportajı məktəbin 4-cü sinif şagirdi Şöhnurə Səydəliyevanın hekayəti ilə bitiriblər. Şöhnurə direktoru görən kimi qaçaraq ona sarılıb, sevinclə əlini sıxıb və məktəbin girişinə tərəf gedib. Birdən, nədənsə, narahat olaraq geri dönüb və göz yaşları içində deyib:

– Xahiş edirəm, direktorumuzu başqa məktəbə aparmayın, o, çox yaxşı insandır!

Məlum olub ki, Şöhnurənin atası bir neçə ildir ki, Avropa ölkələrinin birində çalışır və uzun illər atasına həsrət qalan uşaq Şərafəddin müəllimi ata gözündə görür. Deyilənlərə görə, bir dəfə direktorun başqa məktəbə köçürüləcəyini eşidən bu qız elə kəsilə-kəsilə ağlayıb ki, “yuxarılar” direktorun iş yerini dəyişmək planından vaz keçməli olublar.

Məsaim ABDULLAYEVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr