AZ

57 il əvvəl “Şuşa” kitabı erməniləri niyə qəzəbləndirmişdi?

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Müəllifi məhvedici hücumlardan ulu öndər Heydər Əliyev qorumuşdu

Xalqımız ötən günlərdə Şuşanın azad edilməsi ilə işğalçı Ermənistanın quldurlaşmış hərbi bandalarını diz çökdürmüş tarixi Zəfər yürüşünün 5 illiyini ümumxalq təntənələri və möhtəşəm hərbi paradla qeyd etdi. Milli ideologiyamıza çevrilmiş azərbaycançılığın tarixi qaynaqlarından biri olmuş qədim Şuşa şəhəri azadlığına qovuşandan dərhal sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət mərkəzi elan edildi.

Ümummilli lider Heydər Əliyev Şuşanın mədəniyyət tariximizdəki rolunu və mövqeyini, artıq 5 ildir ki, rəsmiləşdirilmiş bu yüksək statusunu illər öncə belə ifadə etmişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Tarixi Azərbaycan torpaqlarında oyuncaq Ermənistan dövləti qurmuş imperialist dairələr və Qarabağı bu quruma birləşdirmək üçün gizli planlar qurmuş erməni millətçiləri sonrakı dövrlərdə məqsədlərinə çatmaq üçün daim Şuşanın tarixini saxtalaşdırmağa çalışmışdılar. Onlar Qarabağın mərkəzi, döyünən ürəyi, başının tacı olan şəhərin tarixini saxtalaşdırmaqla bütün vilayətin ermənilərə məxsus olduğunu qəbul etdirmək istəmişdilər.

Xankəndini Qarabağın dağlıq hissəsində “kiçik Ermənistan”ın mərkəzinə çevirmiş erməni millətçiləri, digər tərəfdən, Şuşanın inkişafını ləngitməklə, yerli əhalini müxtəlif üsullarla sıxışdırmaqla şəhərdən kütləvi surətdə köçməyə məcbur etmişdilər. Bu vəziyyət ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələnədək davam etmişdir. Ulu öndər Şuşanın respublika tabeli şəhər statusunu gerçəkləşdirməklə onun yeni yüksəlişini təmin etmiş, şəhərin məhz Azərbaycan xalqına məxsusluğunu rəsmi şəkildə təsdiqləmişdir.

Azərbaycanın yurdsevər alimləri və ziyalıları da ermənilərin məkrli planlarının qarşısını kəsmək üçün Şuşanı babalarımızın əzəli Azərbaycan torpağında bina etdikləri barədə araşdırmalar aparmış, müxtəlif janrlı əsərlər yaratmışdılar. Belə dəyərli mənbələrdən biri bu yaxınlarda anadan olmasının 100 illiyi tamam olmuş görkəmli musiqi tədqiqatçısı, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin 1962-ci ildə nəşr etdirdiyi tarixi-etnoqrafik “Şuşa” kitabı olmuşdu. Bu əsər o vaxtadək şəhər barədə yazılmış əsərləri kölgədə qoymuş, sonrakı araşdırmaların da yoluna işıq salmışdı.

Şuşanın tarixini əhatəli və dərindən araşdırmaq tədqiqatçının əsas hədəfi olmuşdu. Müəllif hələ BDU-nun tarix fakültəsində təhsil aldığı illərdə doğma Şuşanın tarixi haqqında sənədlər toplamaq üçün dövlətdən heç bir maliyyə yardımı almadan keçmiş SSRİ-nin bir sıra şəhərlərinin arxivlərində, muzeylərində tədqiqatlar aparmışdı. Firidun Şuşinski kitabda türk xalqının qatı düşməni Andranikə öz nifrətini kəskin şəkildə bildirmiş, satqın hərəkətlərinə görə qulağının kəsildiyini də xatırlatmışdı.

“Şuşa” kitabı 1968-ci ildə rus dilinə tərcümə ediləndən dərhal sonra yüksək dövlət vəzifəsini itirsə də mərkəzdə hələ də nüfuzunu və təsir vasitələrini qoruyub saxlamış, SSRİ-də kommunist libaslı daşnak lideri olmuş Anastas Mikoyana çatdırılmışdı. Kitabı oxuyandan sonra o bu əsərin ziyanlı bir nəşr kimi qadağan edilməsinə çalışmışdı. Hətta Azərbaycan rəhbərliyinə müəllifin cəzalandırılması barədə tapşırıq da verilmişdi.

Firidun Şuşinski bu barədə sonralar belə yazmışdı: “Şuşa” kitabının üstündə mənim başım nələr çəkmədi. O zaman mən ermənilərin əlindən 3 ay Şuşaya gedə bilmədim. Küçədə, hər yerdə məni daşa basdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsdilər. Bir neçə dəfə mənə sui-qəsd etdilər. Məni aradan götürmək üçün başıma pul qoymuşdular. Ermənistanın “Pioner” qəzetindən tutmuş “Kommunist” qəzetinə kimi bütün mətbuatı əleyhimə böhtanlar və söyüşlər yağdıraraq məni erməni xalqının ən mənfur düşməni kimi qələmə verirdilər”.

Belə təhqirlər, hətta Livanın paytaxtı Beyrutdan da eşidilmişdi. Orada nəşr olunan “Hayastan” qəzeti də kitab müəllifi haqqında hədyanlar yazmışdı. Nə qədər acı olsa da, Azərbaycanda da bu kampaniyaya uyanlar tapılmışdı. Müəllifə “burjua-millətçi”, “xalqlar dostluğunun düşməni” damğaları vurulmuş, yazılarının çapına qadağa qoyulmuşdu.

1969-cu il yanvar ayının 11-də Azərbaycan KP MK-da keçirilmiş “Şuşa” kitabının müzakirəsində göstərilmişdi: “Məsuliyyətsiz münasibət nəticəsində kitab ciddi nöqsanlarla işıq üzü görüb. Kitabda ayrı-ayrı hadisələrin və şəxsiyyətlərin qiymətləndirilməsinə sinfi yanaşma yoxdur; Qarabağ xanlarının, bəylərinin, həkimlərinin və çar hərbi rəhbərlərinin rolu ideallaşdırılır. Tarixi faktlar, hadisələr, ayrı-ayrı şəxslərin həyat və fəaliyyəti əksər hallarda Azərbaycanın bütün tarixindən təcrid olunmuş şəkildə nəzərdən keçirilir, kütlənin rolu azaldılır”.

“Şuşa” kitabı Azərbaycan KP MK bürosunda daha sərt şəkildə pislənmişdi. Buna baxmayaraq, Əlövsət Quliyev, Ənvər Şükürzadə, Cəmil Quliyev, Mahmud İsmayılov, İsmayıl Hüseynov və başqaları Firidun Şuşinskinin əsərinə yüksək qiymət vermiş, müəllifə qarşı haqsız ittihamlara son qoyulmasına çağırmışdılar. Lakin bu iclaslardan bir neçə gün sonra bir qrup üzdəniraq “alim” Moskvaya və İrəvana xoş gəlməkdən ötrü “Bakinski raboçi” qəzetində “Şuşa” əsərini kəskin tənqid atəşinə tutmuşdular.

Sonralar ulu öndər Heydər Əliyev bu kitab ətrafında baş verənləri belə xatırlamışdı: “Respublikaya rəhbərlik elədiyim müddətdə də Qarabağın inkişafı üçün az iş görməmişəm. Xüsusilə, Şuşaya çox fikir verirdim. 70-ci illərin əvvəllərində biz Şuşanın daha da inkişaf etdirilməsi haqqında xüsusi qərar qəbul elədik. Xatirimdədir, mən hələ MK-nın birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Səhv eləmirəmsə, müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən, ermənilər. Təəssüflər ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar. Mənə həmin kitabı çatdırdılar. Oxudum, gördüm ki, kitab yaxşı kitabdı. Düzdür, müəlliflə tanış deyildim, ancaq kitab yaxşı yazılmışdı... Nə isə, mən o zaman ermənilərin hücumunun qabağını aldım. Beləliklə də, həmin kitabın taleyi müsbət həll edildi və Azərbaycanda bu kitaba qarşı olan qeyri-sağlam əhvali-ruhiyyə tamamilə dağıldı”.

Bir neçə ay sonra Azərbaycan rəhbərliyinə gəlmiş ümummilli lider Heydər Əliyevin göstərişi ilə tədqiqatçı-alimin təqib olunmasına son qoyulmuşdu. Sonralar müəllif özü də etiraf etmişdi ki, o zaman Heydər Əliyev olmasaydı, onu dirigözlü məhv edəcəkdilər. Ulu öndər sonrakı illərdə də Firidun Şuşinskinin yaradıcılığına qayğı ilə yanaşmış, onu qərəzli hücumlardan müdafiə etmiş, yeni dəyərli əsərlər yazmasına əlverişli şərait yaratmışdı.

Təəssüf ki, bu günə qədər “Şuşa” əsəri bütöv şəkildə çap edilməyib. Bu başı bəlalar çəkmiş əsərin yeni nəşri milli-mənəvi dəyərlərimizin misilsiz hamisi Heydər Əliyevin və yubilyar müəllifin ruhunu bir daha şad edərdi.

Aslan KƏNAN,tədqiqatçı-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr