AZ

Bir fincan kakaonun kişilər üçün gözlənilməz sağlamlıq faydası

Böyük Britaniyada aparılan yeni araşdırma göstərib ki, bir fincan isti kakao idman etməyən və uzun müddət oturaq həyat sürən kişilər üçün düşündüyünüzdən daha çox fayda verə bilər.

E-saglam.az xəbər verir ki, alimlər kakao tərkibindəki flavanolların uzun müddət oturmanın damarlar üzərində yaratdığı mənfi təsirləri azalda biləcəyini müəyyən ediblər.

Mütəxəssislərin sözlərinə görə, davamlı hərəkətsizlik — istər stol arxasında, istər avtomobil sürdükdə — damarların elastikliyini zəiflədir, qan axınını azaldır və nəticədə ürək xəstəlikləri riskini artırır. Flavanol isə çay, alma və qaragilə kimi bitkilərdə olduğu kimi, kakaoda da təbii şəkildə mövcuddur və damar funksiyasını qorumağa kömək edir.

Birmingem Universitetinin alimləri 40 gənc kişi üzərində apardıqları tədqiqatda iştirakçıların bir qrupuna yüksək flavanollu (ən azı 695 mq), digərinə isə çox az flavanollu (5,6 mq) kakao verdilər. Daha sonra hamıdan iki saat boyunca hərəkətsiz oturmaları istəndi. Araşdırma göstərdi ki, flavanolu az olan içkini qəbul edənlərdə damar funksiyası zəifləyib, qan təzyiqi yüksəlib. Yüksək flavanollu kakao içənlərdə isə bu dəyişikliklər müşahidə olunmayıb.

"Journal of Physiology" jurnalında dərc olunan bu iş, flavanolların oturaq həyat nəticəsində yaranan damar zədələnməsinin qarşısını ala biləcəyini ilk dəfə sübut edir. Alimlər qeyd ediblər ki, uzun müddət oturmaq hətta müntəzəm idman edən insanlarda belə damar funksiyasını pozur.

Tədqiqat yalnız kişilər üzərində aparılıb, çünki qadınlarda menstrual dövrdə baş verən hormonal dəyişikliklər flavanolların təsirinə təsir edə bilər. Qadınlarla bağlı ayrıca araşdırmanın aparılması planlaşdırılır.

Tədqiqatın müəllifləri flavanolla zəngin kakaonun həm asan tapılan, həm də damarlara faydalı bir içki olduğunu bildirirlər. Əgər kakao xoşunuza gəlmirsə, alma, gavalı, qaragilə, fındıq, yaşıl və qara çay kimi digər flavanol mənbələri də oxşar təsir göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
28
e-saglam.az

1Mənbələr