AZ

Dələduzluqla ələ keçirdiyi pulla xəstə qızını müalicə etdirən şəxsə hökm oxundu

Bakıda yük avtomobili alıb, onun icarəsindən qazanc götürmək adı ilə dələduzluq edən şəxsin işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az xəbər verir ki, oxu.az-ın məlumatına görə, dələduzluq edən şəxs özünü "sahibkar Samir Məmmədzadə" kimi təqdim edib.

Belə ki, o, zərərçəkən Solmaz Cəbrayılova ilə "Facebook" sosial şəbəkəsi vasitəsi ilə tanış olub, mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman özünü ona yalandan bir neçə yük avtomobili olan sahibkar kimi təqdim edib.

Təqsirləndirilən şəxs zərərçəkəni birgə iş qurub - "KamAZ" markalı yük avtomobili alıb icarəyə verib qazanc əldə etməyə inandırıb. Bu adla ondan ümumilikdə 20500 manat pul alıb. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində zərərçəkmiş şəxs müttəhimin öz adına olmayan, bankı və hesab nömrəsini xatırlamadığı hesaba 12000 manat pul köçürüb. Təqsirləndirilən həmin pulu əldə edərək şəxsi borclarına və qızı Nurayın müayinə və müalicəsinə xərcləyib. Onun heç bir zaman "KamAZ" markalı yük avtomobili olmayıb, yalnız kimlərinsə "KamAZ"ını sürücü olaraq idarə edərək əmək haqqı alıb. O, cinayət işinin istintaqı müddətində vurulmuş ziyanı ödəyib, zərərçəkmiş şəxslə barışıb.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) ilə təqsirli bilinərək ona iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Milli.Az

Seçilən
14
4
milli.az

5Mənbələr