AZ

COP30 çərçivəsində “Yaşıl artım portalı”nın rəsmi təqdimatı keçirilib

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliyanın Belem şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” beynəlxalq inkişaf mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmiş rəqəmsal “Yaşıl artım portalı”nın yekun versiyasının təqdimatı olub.

İqtisadiyyat Nazirliyindən “İki sahil”ə bildirilib ki, Azərbaycan pavilyonunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, biznes assosiasiyalarının və maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

“Yaşıl artım portalı” ölkələrin yaşıl dəyər zəncirlərinə inteqrasiya potensialını müəyyən etməyə və dayanıqlı iqtisadi artım üçün strategiyalar formalaşdırmağa kömək edir. Portal yaşıl dəyər zənciri üzrə vacib minerallar, eləcə də yaşıl hidrogen, nüvə, günəş və külək enerjisi məhsulları, elektrik nəqliyyat vasitələri barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir. İnteraktiv portalda ölkələrin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanlarının təhlil edilməsi, mövcud bazarlar, effektiv ixracatçılar və artım perspektivləri barədə məlumatları əldə etmək mümkündür.

Portalın yekun versiyası funksional baxımdan daha təkmil və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Əlavə olunan klaster metodologiyası (cluster methodology) yaşıl məhsulları bir-biri ilə əlaqəli sənaye klasterləri kimi təhlil edərək ölkələrin hansı yaşıl istehsal sahələrinə daha asan keçə biləcəyini göstərir. Greenplexity İndeksi (Greenplexity index) isə ölkələrin yaşıl sənayelər üzrə müqayisəli üstünlüklərinin miqyasını və mürəkkəblik səviyyələrini ölçür, onların yaşıl keçid üzrə hazırlıq səviyyəsini daha dəqiq qiymətləndirməyə imkan yaradır. Portalda yaradılan strategiya məkanı (strategy space) ölkələrə fərdiləşdirilmiş sənaye siyasəti yanaşması təqdim edərək onların mövcud imkan və üstünlüklərinə müvafiq yaşıl inkişaf strategiyası formalaşdırmasına şərait yaradır.

İlkin təqdimatı Bakıda COP29 çərçivəsində edilən portal Harvard Universitetinin 1,7 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiya olunub.

Tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi çərçivəsində həyata keçirilən yaşıl transformasiya siyasətinin əsas istiqamətlərini təqdim edib. Ölkənin istixana qazı emissiyalarını azaltmaq, bərpaolunan enerji payının sürətlə artırılması istiqamətində, eləcə də yaşıl enerji zonaları kimi elan edilmiş Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda görülən işlər nəzərə çatdırılıb.

Harvard Universitetinin “Growth Lab” tədqiqatçısı Ketan Ahuja iştirakçılara portalın analitik alətləri, məlumat əsaslı qərarvermə mexanizmləri və platformadan istifadə edərək yaşıl dəyər zəncirlərinə inteqrasiya imkanlarını təqdim edib.

Seçilən
9
3
ikisahil.az

5Mənbələr