AZ

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edib



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edib.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müşaviri, nazirliyin mətbuat katibi Axror Burxanov məlumat verib.

"Bu gün Mərkəzi Asiyada tamamilə yeni bir əhval-ruhiyyə - sıx dostluq, mehriban qonşuluq və birgə inkişaf ruhu hökm sürür. Bu ruh bütün təşəbbüs və qərarlarımızın əsasını təşkil edir. Regional həmrəylik gücləndikcə ortaq inkişaf üçün yeni imkanlar da genişlənir. Daşkənddəki bu görüşün daha bir mühüm aspekti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk dəfə bu formatda iştirak etməsidir", - A.Burxanov sosial şəbəkələrdə yazıb.

O qeyd edib ki, C.Bayramovun bu görüşdə iştirakı yaxın dost və tərəfdaş dövlətlə çoxplanlı münasibətlərin daha da genişlənməsindən xəbər verir.

Müşavirin sözlərinə görə, iclas çox məhsuldar, açıq və etimada əsaslanan bir şəraitdə keçib:

"XİN rəhbərləri regionumuzun dayanıqlı inkişafı, təhlükəsizliyi və rifahı ilə bağlı ən aktual məsələləri ətraflı müzakirə ediblər".

A.Burxanov əlavə edib ki, tərəflər açıq dialoq, praktiki əməkdaşlıq və ümumi inkişaf istiqamətində tədbirlərin ardıcıllıqla həyata keçirilməsini davam etdirəcəklər.(report)
Seçilən
33
7
newscenter.az

10Mənbələr