AZ

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 16 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

1990-cı illərin əvvəlində ölkədə hökm sürən siyasi hərc-mərclik bütün sahələrə mənfi təsir göstərmişdi. Ermənistanın da bundan istifadə edərək ərazi iddiasını daha da gücləndirməsi və işğal fəaliyyətinə başlaması vəziyyəti daha da qəlizləşdirmişdi. Həmin dövrlərdə Azərbaycanda ordu yox vəziyyətində idi, kütləvi surətdə zabit və silah-sursatı çatışmazlığı hökm sürürdü. Buna baxmayaraq, Azərbaycan oğulları əlində olan silahla, yeri gələndə sinəsini sipər edərək Vətənin müdafiəsinə qalxaraq düşmənlə başa-baş mübarizə aparırdılar. Lakin bir məsələ də var idi: Ermənistan bu qanunsuz əməlində tək deyildi. Ermənistanı silahlandıran, törətdiyi cinayətləri dəstəkləyən ölkələr var idi. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu həmin dövrdə bir sıra uğurlu əməliyyatlar da keçirməyə nail oldu. Təəssüf ki, bu, işğal prosesinin qarşısını almağa yetmədi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.

V.Quliyev bildirib ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ağır vəziyyətə olan ölkəni ayağa qaldırmaq, iqtisadiyyatımızı gücləndirmək istiqamətində islahatlar həyata keçirdi. Dövlətin təhlükəsizliyinin və suverenliyinin təminatçısı olan ordunun təkmilləşdirilməsi istiqamətində tədbirlər ön planda idi. Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Təbii ki, ordunun formalaşmasında qardaş Türkiyənin də rolu böyük oldu. Ordumuz NATO standartları səviyyəsində inkişaf etdi.

Ekspertin sözlərinə görə, Azərbaycan xalqı, Azərbaycan dövləti işğal faktı ilə barışmamışdı. Qarabağ düyününün sülh yolu ilə həlli üçün danışıqlar aparılırdı. Bir yandan da ordunun gücləndirilməsi istiqamətində tədbirlər davam edirdi. Uzun illər görülən işlər öz bəhrəsini döyüş meydanında göstərdi. Əvvəlcə 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə nəyə qadir olduğunun xəbərdarlığını verdi. Ondan sonra bir neçə dəfə təxribat törədən düşmən hər dəfə ağır məğlubiyyətə düçar oldu. Nəhayət 2020-ci ildə cəmi 44 günə düşmənin dizini yerinə gətirən Azərbaycan Ordusu torpaqlarımızı azad edərək xalqımıza çoxdandır gözlədiyi şad xəbəri verdi. Kapitulyasiya aktı imzalamağa məcbur olan düşmən Ağdam, Kəlbəcər və Laçını bir güllə atılmadan geri qaytarmağa məcbur oldu.

Həmin tarixi Qələbədən bir ay sonra keçirilən Zəfər paradı qələbəmizi həzm etməyənlərə verilən möhtəşəm cavab oldu. Lakin bir məsələ də var idi. O zaman torpaqlarımız darmadağın idi, Ermənistan ordusunun tör-töküntüləri hələ də o ərazilərdə qalmışdı. 2023-cü ilin sentyabrında 23 saat 43 dəqiqəlik antiterror tədbirləri ilə həmin qanunsuz erməni qruplaşmaları zərərsizləşdirildi, suverenliyimiz tam bərpa olundu. Ona görə də noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad tamam başqa məna ifadə edir. Çünki həm, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, həm də həmin torpaqlarda abadlıq-quruculuq işləri davam edir və oradan doğma sakinlərin nəfəsi gəlir. "Paradda havada, dənizdə və quruda istifadə olunan yeni texnika, silah və avadanlıqları gördük. Həmin gün müasir tələblərə cavab verən dördüncü nəslə aid silahlar, raketlər, texnikalar, təyyarələr, artilleriya qurğuları, pilotsuz uçuş aparatları və s. nümayiş olundu. Həmçinin, yeni yaradılan qoşun növü - İnsansız Sistem Qoşunları paradda keçid etdi. Bu, onu göstərir ki, ordumuz ən müasir silahlarla təchiz olunur, kadr potensialı daha da artırılır, daha güclü döyüş qabiliyyətinə malikdir.

Paradın gedişatında Prezident İlham Əliyev bir sıra məsələlərə də eyham vurdu, Xocalı qatillərinə müəyyən mesajlar göndərdi. Vaxtilə erməni hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi “tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” kimi cəfəng iddiaları xatırladan ölkə başçısı dedi: "Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər."

Ümumilikdə, Zəfər Günü keçirilən parad ordumuzun ayıq-sayıqlığını itirmədiyini, Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini, ərazi bütövlüyümüzün əmin əllərdə olduğunu göstərir. Paradı izlədikcə qürur duydum", - deyə Azərbaycanın Milli Qəhrəmanı fikirlərinə yekun vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
azertag.az

2Mənbələr