AZ

“Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib - Yenilənib

Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iştirak ediblər.

Görüşdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının məşvərətçi görüşlər formatına tamhüquqlu iştirakçı kimi qoşulduğunu elan edib.

"Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdikləri üçün bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm", deyə Şavkat Mirziyoyev bildirib.

Qeyd edək ki, görüşün gündəliyinə regional əməkdaşlığın daha da gücləndirilməsi, prioritet sahələrdə birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, regional və beynəlxalq siyasətin cari məsələləri barədə fikir mübadiləsi məsələləri daxil olub.

Görüşdən sonra prezidentlər aşağıdakı sənədləri imzalayıblar:

1. VII Məşvərət Görüşünün yekunlarına dair Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatı;

2. Mərkəzi Asiya dövlət başçılarının Qırğızıstan Respublikasının 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün namizədliyi ilə bağlı BMT-yə üzv dövlətlərə müraciəti;

3. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi iştirakı haqqında qərar.

Bundan əlavə, Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatı ilə aşağıdakı sənədlər təsdiqlənib:

1. Mərkəzi Asiyada regional təhlükəsizlik, sabitlik və davamlı inkişaf konsepsiyası;

2. 2026-2028-ci illər üçün Mərkəzi Asiyada təhlükəsizlik risklərinin kataloqu və onların qarşısının alınması tədbirləri.

Xatırladaq ki, region liderlərinin müntəzəm məsləhətləşmə görüşlərinin keçirilməsi təşəbbüsü Şavkat Mirziyoyev tərəfindən 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli sürülüb. Özbəkistanın sədrliyi dövründə bu formatda əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-dən çox böyük tədbir keçirilib.
Seçilən
14
4
azvision.az

6Mənbələr