AZ

"Putinin vaxtı tükənir, bizim isə öz planlarımız var" - Zelenski

"Moskvanın planları yenə gecikir, ölkəmiz isə həm cəbhədə, həm diplomatiyada, həm də daxildə kursu sərtləşdirir..."

Putinin son tarixləri pozuldu

Ukrayna KİV-lərinin yazdığına görə, prezident Vladimir Zelenski bəyan edib ki, Rusiya öz planlarında bir daha uğursuzluğa düçar olub. Onun sözlərinə görə, Putin Pokrovsk və Kupyanskın ələ keçirilməsi üçün daha bir qəti son tarix qoymuşdu, lakin o tarix də yoxdur - plan yenidən təxirə düşüb.

Zelenski qeyd edib ki, bu barədə ona Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov məruzə verib. Həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşşenko Kremlin siyasi-iqtisadi vəziyyətini və Putinin ətrafının əhvalını çatdırıb.

Prezident deyir ki, Ukrayna ordusu artıq yaxın həftələr üçün müdafiə strategiyasını müəyyənləşdirib və qış üçün əlavə tədbirlər hazırlanır: "Biz həm hərbi sahədə, həm də xüsusi xidmətlər vasitəsilə uzun məsafəli sanksiyalar və zərbələr strategiyasını davam etdirəcəyik. Ukraynanı qoruyan hər kəsə təşəkkür edirəm", - o, bildirib.

"Tarixi razılaşma" və yeni səfər

Zelenski həm də elan edib ki, Fransa ilə Ukraynanın hava hücumundan müdafiə və aviasiya imkanlarını gücləndirəcək "tarixi razılaşma" artıq razılaşdırılıb və sabah imzalanacaq. Bu anlaşma ölkənin hava məkanının qorunması üçün yeni mərhələ sayılır.

Bununla yanaşı, Zelenski yaxın günlərdə İspaniyaya gedəcək. Məqsəd - daha çox HHM sistemi, daha çox raket, daha çox texniki dəstək əldə etməkdir. "Bu dəstək bizə həm müdafiə olunmaq, həm də strateji məqsədlərə çatmaq üçün real şəkildə kömək edir", - prezident bildirib.

Xatırladaq ki, bundan əvvəl Almaniya Ukraynaya "Patriot" sistemləri göndərib, ekspertlər isə xəbərdarlıq edir ki, artan "Shahed" hücumları lokal HHM şəbəkələrinin genişləndirilməsini zəruri edir.

Enerji sektorunda "təmizləmə və yenidənqurma"

Prezident Zelenski daxili siyasətə də toxunub və elan edib ki, Ukraynanın enerji idarəçiliyi tam şəkildə yenidən qurulacaq. Bu qərar son aylarda ölkəni silkələyən korrupsiya qalmaqallarından sonra verilib. Zelenski hökumətə aşağıdakı tapşırıqları verib:

- Enerji tənzimləyici komissiyanın tərkibinin tam yenilənməsi;

- Nüvə təhlükəsizliyi inspektorluğu və Enerji Nəzarət İnspeksiyasının rəhbərliyinin dəyişdirilməsi;

- Dövlət Əmlakı Fondunun yeni rəhbərinin təcili təyini;

- ARMA-nın (Aktivlərin axtarışı və menecmenti üzrə Agentlik -red.)  yenilənməsi və rəhbərlik üçün müsabiqənin ilin sonuna qədər tamamlanması;

- Rusiya və kollaborantlara məxsus aktivlərin müsadirəsi və satışa çıxarılması.

Əldə edilən aktivlərin ordunun dəstəklənməsinə və dövlət büdcəsinin gücləndirilməsinə yönəldiləcəyi vurğulanır. Bu tədbirlər Ukraynada "Midas işi" kimi tanınan korrupsiya qalmaqalının ardınca gəlib - həmin iş çərçivəsində yüz minlərlə avro və hətta "qızıl unitaz" aşkar olunub.

Polşanın baş naziri Donald Tusk da məsələyə reaksiya verərək xəbərdarlıq edib: Rusiya bu qalmaqalı informasiya müharibəsinin alətinə çevirməyə çalışacaq. Ukrayna həm cəbhədə, həm diplomatik masada, həm də dövlət sisteminin özündə eyni vaxtda mübarizə aparır. Zelenskinin mesajı qısa olub, amma hədəfə yönəlib: "Putinin vaxtı tükənir. Bizim isə öz planlarımız var".

Seçilən
59
1
moderator.az

2Mənbələr