ABŞ prezidenti Donald Tramp insan alveri və azyaşlıların istismarında ittiham olunmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələr barədə verilən sualdan sonra jurnalistə qarşı sərt ifadələr işlədib. AzPost xəbər verir ki, insident Palm-Biç hava limanında keçirilən mətbuat konfransı zamanı Fox News efirində yaşanıb.
Jurnalist Epşteynlə bağlı yeni sənədlərdə yer alan məlumatlara münasibət bildirməsini xahiş edəndə Tramp qəzəblənərək onu “iyrənc reportyor” adlandırıb.
“Sizin kimilər saxta xəbərlər yayır və bu mövzunu qəsdən gündəmə gətirərək administrasiyamızın inanılmaz uğurlarından diqqəti yayındırmağa çalışır. Siz iyrənc reportyorsunuz”, – deyə Tramp suala cavab vermək əvəzinə jurnalisti hədəfə alıb.
Jurnalistin verdiyi sual ABŞ Konqresinin üzvü Tomas Massinin açıqlamasına əsaslanırdı. Massi bildirmişdi ki, Trampın Epşteynin əlaqələrinin araşdırılması ilə bağlı çağırışları, əslində, maliyyəçi ilə onun öz əlaqələrini kölgədə saxlamaq üçün bir “duman pərdəsi” ola bilər.
Qeyd edək ki, demokratlar tərəfindən dərc olunan Epşteynə aid yazışmalarda Donald Tramp barədə guya “seks kompromatı”nın mövcudluğu və onun Rusiya prezidenti Vladimir Putinə təqdim oluna biləcəyi barədə qeydlər də yer almışdı.
12 noyabrda ABŞ Konqresinin dövlət nəzarəti komitəsinə daxil olan demokratlar Epşteyn işi ilə bağlı 20 min səhifəyə yaxın yeni material yayımlayıblar. Maliyyəçinin həyatı 2019-cu ildə, yenidən məhkəmə qarşısına çıxmasına az qalmış müəmmalı şəkildə başa çatmışdı.