AZ

“Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur” – Şahruddin Məhəmmədəliyev

“Ayxan Abbasovun gəlişindən sonra komandaya milli ruh geri qayıtdı. Soyunub-geyinmə otağında azərbaycanca danışmaq çox vacibdir. Azərbaycan millisində elə azərbaycanlı məşqçi olmalıdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev Fransa oyunu sonrası deyib. O, yığmanın nəticə qazana bilməməsini belə şərh edib:

“Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur. Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda millidədir? Abbasdan güclü futbolçu tapın. Öz klubunda sağ cinah müdafiəçisi və ya yarımmüdafiəçisi mövqeyində oynayan başqa bir azərbaycanlı varmı? Tapın elə bir futbolçunu. “Turan Tovuz”da 11 legioner meydançaya çıxır. Bütün klublarda əsas heyətdə 9-10 legioner çıxış edir. I Liqada normal yerli futbolçu yoxdur. Bunu heç kim müzakirə etmək istəmir. Lakin eyni futbolçular milliyə çağırılanda deyirlər ki, niyə onu dəvət etdilər? Bəs kim çağırılsın? Kimsə varmı?”.

Təcrübəli futbolçu Premyer Liqada legioner limitinin ləğvi barədə isə bunları deyib:

Azərbaycan futbolu məhz bu limitə görə duruş gətirirdi. Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Nə Belçikayıq, nə də Fransa. Biz Azərbaycanıq, bircə peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. “İmişli”də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Heç kim! Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm. Şans yoxdur.

“Qarabağ”ın qapıçısı azərbaycanlı futbolçuların legioner həyatı yaşamaq istəməmələri ilə də fikirlərini bildirib:

“Harada oynayaq? Uşaqlar harada oynasınlar? Aydındır, mən hələ “Qarabağ”dayam, baş məşqçimiz Qurban Qurbanov Azərbaycan futbolu barədə düşünür, çempionatda oynama şansı verir. Bəs o biri uşaqlar harada oynasınlar? Hara getsinlər? “Gəlin, burada oynayın” deyə kim bizi gözləyir? Elə bir ölkə varmı ki, bizi çağırsın? Hamı deyir ki, gedin oynayın. Harada? Söhbət mentalitetdə deyil. Rüfət Abdullazadə Xorvatiyaya “Varajdin”də oynamağa gedib. O, orada heyətdə yer alırmı? Çünki onun kimi oyunçular minlərlədir və oranın komandaları özlərinkiləri prioritet götürürlər. Deyirlər ki, özümüzdə beləsi varsa, azərbaycanlı nəyimə lazımdır? Bizdə isə əksinədir. Azərbaycanlı və legioner arasından prioriteti əcnəbiyə verəcəklər”.

Seçilən
12
3
idmanxeber.az

7Mənbələr