AZ

“Rusiyanın növbəti raketi yenə səhv ünvanı tapa bilər”-XƏBƏRDARLIQ

Ukrayna müharibəsinin intensivləşməsi fonunda Rusiya Silahlı Qüvvələrinin qeyri-dəqiq raket zərbələrinin diplomatik missiyalar üçün risk yaratması yenidən gündəmə gəlib. Son günlər Rusiyanın atdığı “İskəndər” raketinin Azərbaycan səfirliyinin yaxınlığına düşməsi bir daha göstərdi ki, bölgədə hərbi əməliyyatların nəzarətdən çıxması yalnız münaqişə tərəfləri üçün deyil, üçüncü dövlətlər üçün də təhlükə yaradır. Belə bir həssas mərhələdə baş verən insident həm təhlükəsizlik, həm də siyasi mesajların təhlili baxımından diqqət mərkəzinə çevrilib.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycan səfirliyinin yerləşdiyi ərazinin raket zərbəsi nəticəsində zədə alması məqsədli addım kimi qiymətləndirilə bilməz:

“Rusiya istehsalı olan “İskəndər” raketləri yüksək dağıdıcı gücə malik olsa da, dəqiqlik baxımından tam etibarlı deyil. Rus ordusunun yaşayış məntəqələrini fərq qoymadan atəşə tutması çox vaxt raketlərin hədəf koordinatları dəqiq müəyyən edilmədən buraxılması ilə bağlıdır. Bu səbəbdən həmin raketlər istənilən istiqamətə düşə bilər. Təəssüf ki, belə hadisə artıq ikinci dəfədir Azərbaycan səfirliyinin yaxınlığında baş verir”.

Politoloq xatırladıb ki, əvvəllər Rusiyanın Azərbaycana məxsus obyektlərə məqsədli zərbə endirdiyi hallar da olub:

“Rus hərbçilərinin vaxtilə SOCAR-ın neft bazasını vurması buna misaldır. Lakin indiki mərhələdə Moskvanın bu tip hadisələrlə Azərbaycana hər hansı siyasi mesaj verməyə çalışdığı qənaətində deyiləm. Bakının hadisə ilə bağlı Rusiyaya etiraz notası təqdim etməsi tam əsaslı addımdır. Bununla yanaşı, o hesab edir ki, vəziyyətin yenidən təkrarlanmayacağına təminat yoxdur. Birincisi, müharibə davam edir. İkincisi, döyüş bölgəsində raketləri işlədən şəxslərin psixoloji durumu da sabit deyil, xüsusən Rusiya əsgərlərinin. Sabah həmin raketlərin Ukrayna istiqamətində hara yönləndiriləcəyini heç kim əvvəlcədən proqnozlaşdıra bilməz. Azərbaycan səfirliyinin əməkdaşlarının təhlükəsizliyini maksimum təmin etmək üçün müvəqqəti olaraq diplomatik heyətin sayının azaldılması məqsədəuyğun ola bilər. Rusiyaya da ciddi şəkildə bildirilməlidir ki, ən azı bu məsələdə daha diqqətli davransınlar”.

// Gülnarə Abasova, Editor.az

Seçilən
86
23
editor.az

10Mənbələr