Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və Əjdər Babazadə (Qarabağ Universitetinin Azıx arxeoloji araşdırma və analiz laboratoriyasının müdiri), Danimarkada keçirilən beynəlxalq seminarda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azad Zeynalov Azərbaycan-Danimarka beynəlxalq arxeoloji heyətin Azərbaycanın erkən hominin məskənlərindən olan Azıx mağarasında (Xocavənd), Qaraca açıq tipli paleolit düşərgəsində (Mingəçevir) və Azərbaycan-Yaponiya tədqiqat qrupunun Tağlar mağarasında (Xocavənd) apardığı araşdırmaların ilkin nəticələrini təqdim edib.
Əjdər Babazadə isə 2024-cü ildən həyata keçirilən Azərbaycan–Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyasının tədqiqatlarından bəhs edib. Qeyd edək ki, Azıx mağarasında tədqiqatlar Arxeologiya və Antropologiya İnstitutu (AMEA) ilə Leibniz Arxeologiya İnstitutu (LEIZA) arasında əldə edilmiş elmi əməkdaşlıq çərçivəsində aparılır. Araşdırma heyətinə Azərbaycan, Almaniya, Portuqaliya, Polşa, Çexiya, Danimarka, Norveç və digər ölkələrdən arxeologiyanın müxtəlif sahələri üzrə mütəxəssislər cəlb edilib. Eyni zamanda, Əjdər Babazadə Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında bağlanmış memorandumun əsasında və Azərbaycan Elm Fondunun qrant layihəsinin (“Qarabağın daş dövrünə aid alət sənayesinin texnotipologiyasının traseoloji və eksperimental analizləri” (AEF-MCG-2023-1(43)-13/13/5-M-13)) vəsaiti ilə Qarabağ Universitetində qurulmuş Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasından bəhs edib.
“THOCA” və “CAUCUS” layihə rəhbərləri tərəfindən Azıx mikroskopik laboratoriyasının fiziki məkan imkanları, muasir texnoloji avadanlıqları və tədqiqatçı-tələbə potensialı vurğulanıb.
Seminar iştirakçıları Danimarka Texniki Universitetində Optik Stimullaşdırılmış Lüminessensiya (OSL) laboratoriyasında, Aarhus Universitetdə yerləşən Biomarker laboratoriyası, kosmogen, C14 laboratoriyası (Aarhus Accelerator Mass Spectrometry Centre) kimi analizlər mərkəzlərini və dünyanın ən müasir muzey komplekslərindən biri olan Moesgaard muzeyini və Danimarka Milli Muzeyini ziyarət ediblər.
Beynəlxalq seminar “NordForsk” tərəfindən maliyyələşdirilən və Danimarka Texniki Universiteti ilə Aarhus Universiteti tərəfindən həyata keçirilən “THOCA” (“Mərkəzi Asiyada insan məskunlaşmalarının vaxtı və ekologiyası”) beynəlxalq layihəsinin nəticələrinə həsr olunub. “NordForsk” Şimali Avropa (Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və Farer adaları, Qrenlandiya və Aland adaları) ölkələrinin elm-tədqiqat və infrastruktur sahələrində tərəfdaşlığı və maliyyələşməni təşviq edən təşkilatdır. Şimal Ölkələri Nazirlər Şurasının tabeçiliyində fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi Şimali Avropa ölkələri və ümumilikdə Şərq və Qərb ölkələri arasında tədqiqat əməkdaşlığını gücləndirməkdir.
“THOCA” və “CAUCUS” layihələri çərçivəsində aparılan tədqiqalar Mərkəzi Asiyada və Cənubi Qafqazda qədim insan məskunlaşmasının tarixini və şəraitini - paleo-ekosistemi (iqlim, torpaq, landşaft dəyişiklikləri) sistemli şəkildə araşdırmaq və Afrikadan çıxış, ilk migrasiyalar, Avrasiyada erkən homininlərin məskunlaşması, texnoloji, fizioloji, koqnitiv, anatomik təkamül mərhələlərini dərk etməyi qarşısına məqsəd qoyub. Cənubi Qafqaz üzrə əsas tədqiqatlar - bölgədə tarixdən əvvəlki dövrlərdə “insan-ekologiya-landşaft” dinamikalarını anlamağa yönəlib. Göstərilən layihələr çərçivəsində tələb olunan mütləq tarixləndirmə (radiokarbon, Optik Stimullaşdırılmış Lüminessensiya / OSL, U-Th torpaq karbonatları, geoxronoloji, maqnetostratiqrafik, berillium-10 kosmogen nüvəli) və qədim iqlimi, insanın qida rasionunu, təbiətə qarşılıqlı təsirinin təyini (biomarker, izotop, mikromorfoloji, mineroloji, palaeoproteomik, arxeometrik, bio-arxeoloji, aDNT və d.) üzrə araşdırma və analzilər maliyyələşdirilir.
Analizlər üçün seçmələr arasında Azərbaycandakı Azıx mağarasından və Qaraca açıq tipli paleolit düşərgəsindən götürülmüş nümunələr də yer alır. Analizlər əsasən Kopenhagen, Aarhus, Oslo universitetləri və Danimarka Texniki Universitetində aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.